Artıq mağazalarda yeni ilin atributları öz əksini tapmağa başlayıb. Paytaxt Bakıda yeni il abu-havası hiss olunmağa başlayıb. Təbii ki bu yenilik artıq bir neçə günə özünü Bulvarda da göstərəcək. Ötən il olduğu kimi, bu il də Yeni il münasibətilə Dənizkənarı parkda bir sıra tədbirlər keçiriləcək. Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidovun SİA-ya verdiyi məlumata görə, Bulvar İdarəsi hər bir mövsümə hazırlaşdığı kimi qış mövsümünün də qarşılanmasına xüsusi hazırlaşır. Onun sözlərinə görə, hər il olduğu kimi bu il də Dənizkənarı Bulvar İdarəsi tədbirlər planı hazırlayıb ki, bununla da Yeni il ərəfəsində Milli Parka üz tutan insanların istirahətini təşkil edə bilsin: "Təbii ki, bu tədbirlər planında ilk mərhələ şam ağaclarının bəzədilməsi və onların ətrafında Şaxta baba və Qar qızların fəaliyyətinin təmin olunmasıdır. Bu il də Milli Park ərazisində hündürlüyü minimum 7 metrdən başlamaqla ən azı 10 yerdə şam ağacları qurulacaq. Bu ağaclardan ən hündürü 20 metr olacaq ki, bu da Kukla teatrının arxasında yerləşən meydançada qurulacaq".
Meydançada yerləşən manitorda isə yeni illə əlaqədar maraqlı və əyləncəli proqramların təqdim olunacağını deyən Nazim Məcidov onu da bildirib ki, artıq dekabr ayının 10-dan bulvarda yeni illə əlaqədar nəzərdə tutulan planın icrasına başlanılacaq və ayın 15-nə kimi işlər yekunlaşacaq, şam ağacları tam hazır vəziyyətdə insanların ixtiyarına veriləcək.
Bulvar İdarəsinin rəsmini Şaxta baba və Qar qız kimi fəaliyyət göstərən insanların seçimi barəsində də məlumat verib: "Şaxta baba və Qar qız kimi fəaliyyət göstərmək istəyən insanlar hər il olduğu kimi bu il də Bulvar idarəsinin xüsusi komissiyası tərəfindən seçiləcək. Bu insanların psixoloji vəziyyəti, dil qabliyyəti xarici görkəmləri və intellektual səviyyəsi yoxlanıldıqdan sonra onlar fəaliyyətə başlayacaqlar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB