Hirkan Milli Parkında Qafqaz bəbiri qeydə alınıb

Hirkan Milli Parkında Qafqaz bəbiri qeydə alınıb

Dünya Vəhşi Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan nümayəndəliyinin keçirdiyi monitorinq zamanı daha bir Qafqaz bəbiri qeydə alınıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, oktyabrın 25-də Hirkan Milli Parkında quraşdırılmış foto-tələlər vasitəsilə bəbirin fotoşəkili çəkilib.

Bundan əvvəl, daha dəqiq desək, bu il sentyabrın 6-da Həsən Əliyev adına Zəngəzur Milli Parkının cənub hissəsində Dünya Vəhşi Təbiəti Mühafizə Fondunun Azərbaycan nümayəndəliyinin keçirdiyi monitorinq zamanı parkın ərazisində quraşdırılmış foto-tələlər vasitəsilə bəbirin ilk fotoşəkili çəkilib.

Bu faktlar son illərdə xüsusi mühafizə olunan təbiət ərazilərində heyvanat aləminin mühafizəsi tədbirlərinin gücləndirilməsinə, ekoloji maarifləndirmə işlərinin aparılmasına real nümunə hesab olunur və nəticə etibarilə bəbirin yaşaması, onun qida obyektləri olan iridırnaqlı heyvanların (beoar keçi, muflon və s.) sayının artması üçün təhlükəsiz şəraitdən xəbər verir.

Son illərdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA (Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq) beynəlxalq ekoloji kampaniyasının təşəbbüskarı Leyla xanım Əliyevanın Qafqazda nəsli kəsilmək təhlükəsi ilə üzləşmiş 5 fauna növünün (ayı, canavar, ceyran, qartal və bəbir) qorunmasını əhatə edən "Böyük beşlik" proqramı çərçivəsində gördüyü işlər də öz bəhrəsini verib.

Aparılan tədbirlərin nəticəsidir ki, son vaxtlar xüsusi mühafizə olunan təbiət ərazilərində bəbirlər özlərini daha təhlükəsiz hiss edərək sərbəst yaşayır və tez-tez müşahidə olunurlar.

Bütün xəbərlər Facebook səhifəmizdə