Dağlıq Qarabağda sülhməramlılarının yerləşdirilməsi məsələsi yalnız Azərbaycanın işğal edilmiş torpaqları qaytarıldıqdan sonra müzakirə edilə bilər. Bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev Ermənistanın "Johovurd" qəzetinin İsveçrədə ABŞ və Rusiya arasında Dağlıq Qarabağda sülhməramlılarının yerləşdirilməsinə dair müzakirələrin aparıldığı barədə diplomatik mənbələrə istinadla yaydığı informasiyaya münasibət bildirərkən açıqlayıb.
Mətbuat xidmətinin rəhbəri deyib: "Bu absurddur. İlk növbədə, gərək Azərbaycanın işğal olmuş əraziləri boşaldılsın. Gəlin fikrimizi digər məsələlərlə yayındırmayaq. Sülhməramlıların yerləşdirilməsi və digər məsələlər yalnız bundan sonra həllini tapacaq. Biz Ermənistan Silahlı Qüvvələri Dağlıq Qarabağı tərk edəndən sonra sülh sazişi imzalamağa hazırıq".
Mətbuat xidmətinin rəhbəri erməni qəzetində Türkiyə və Ermənistan arasındakı gizli danışıqların bərpa edilməsi ilə bağlı yayılan xəbərə toxunaraq bildirib: "Biz Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması məsələsinin yalnız Ermənistan-Azərbaycan münaqişəsinin həllindən sonra görürük".
E.Abdullayev söyləyib ki, Azərbaycan hər hansı ölkənin digəri ilə əlaqələr qurmasına hansısa formada mane olmaq fikrində deyil. Amma işğal amili var. Türkiyə Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinə etiraz olaraq 1993-cü ildən bu ölkə ilə sərhədlərini bağlayıb. Ermənistan təcavüzkar siyasətini bu gün də davam etdirir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB