"Gender bərabərliyi məsələsinə diqqətimizi daha da artırmalıyıq. Ailələrdən başlamalıyıq… Bağçalardan, məktəblərdən başlamalıyıq maarifləndirməyə, uşaqları bu istiqamətdə öyrətməyə, tərbiyə etməyə… Bələdiyyələrimizin fəaliyyəti artmalıdır bu istiqamətdə…Qeyri-hökumət Təşkilatlarının özəlliklə bölgələrdə, kəndlərdə bu istiqamətdə çalışmaları artmalıdır. Ailə, Qadın, Uşaq problemləri üzrə Dövlət Komitəsi bölgələrdə işi daha da gücləndirməlidir. Millət vəkilləri öz bölgələrində bu mövzuya özəl diqqət ayırmalıdır. İcra qurumları bu məsələyə neçənci dərəcəli iş kimi baxmamalıdır. Mətbuat və Mediamız bu sahəyə daha çox həssaslıqla yanaşmalı, daha ciddi mövqe tutmalı və böyü maarifləndirmə işlərinin aparılmasına geniş dəstər verməlidir. Bir sözlə, biz hamımız, hər birimiz öz gündəlik həyatımızda bu məsələyə ciddi önəm verməliyik". SİA-nın verdiyi məlumata görə, bu sözləri bu gün Bakıda keçirilən Qadın Liderliyi Konfransında millət vəkili Qənirə Paşayeva deyib.
"Bu istiqamətdə problemləri aradan qaldırmaq üçün öncə ailələrdən başlamalıyıq. Bu gün hələ də, bəzi ailələrdə qız övladlarının ana bətnindəcə məhv edilməsi, erkən nikahlar, məişət zorakılığı kimi problemlər var və onlara qarşı mübarizıdə cəmiyyət olaraq işləri daha da sürətləndirməliyik," – millət vəkili Q.Paşayeva deyib.
Azərbaycanın məişət zorakılığına, qadınlara qarşı zorakılıqla mübarizə aparan ölkələrdən biri olduğunu qeyd edən deputat bu istiqamətdə də işlərin daha da genişləndirilməsinin vacibliyindən danışıb. Millət vəkili Qənirə Paşayeva erkən nikahlara qarşı mübarizənin də cəmiyyətin qarşısında duran əsas vəzifələrdən biri olduğunu deyib. Q. Paşayeva bildirib ki, bu gün Azərbaycan qadını ictimai həyatın hər bir sahəsində fəallıq göstərir və qadınların cəmiyyətin və dövlətin bütün sahələrində rolunun daha da artmasına və genişlənməsinə böyük ehtiyac var. "İnkişaf edən cəmiyyət və dövlət inkişaf edən qadından keçir", - deyən millət vəkili Qənirə Paşayeva xüsusilə bölgələrdə gender bərabərliyi istiqamətində maarifləndirmə, təbliğat-təşviqat işlərinin daha da genişləndirilməsinin vacibliyini vurğulayıb.
Qeyd edək ki, konfrans ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Qadın İştirakçılığı Proqramı və Azərbaycanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən təşkil olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB