Oqtay Əsədov pakistanlı qonaqları qəbul edib

Oqtay Əsədov pakistanlı qonaqları qəbul edib

Bu gün Milli Məclisin Sədri Oqtay Əsədov Azərbaycana səfərə gələn Pakistan İslam Respublikası Parlamentinin Kəşmir məsələləri üzrə xüsusi komitəsinin rəhbəri, İslam Camiyət Ulema–e-İslam Partiyasının sədri Maulana Fazl–ur- Rahmanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Görüşdə çıxış edən Oqtay Əsədov bildirib ki, Azərbaycan ilə Pakistan arasındakı doqtluq münasibətlərinin qədim tarixi kökləri var və bu cür qarşılıqlı səfərlər əlaqələrin hərtərəfli inkişafına təkan verəcək: "Pakistan-Azərbaycan münasibətləri artıq ümumi tərəfdaşlıq səviyyəsinə yüksəlib və bu işdə hər iki ölkənin dövlət başçılarının xüsusi rolu var".

"Dövlətlərimizin başçılarının qarşılıqlı səfərləri zamanı imzalanan sənədlər, aparılan danışıqlar əməkdaşlığımızın inkişafı üçün möhkəm hüquqi baza yaradıb. Hökumətlərarası komissiya, eləcə də parlamentlərimiz yaranan imkandan istifadə edərək əlaqələri daha da möhkəmləndirməlidirlər. Çox yaxşı haldır ki, bu gün hər iki ölkənin parlamentində dostluq qrupları vardır və bu qruplar çox məhsuldar işləyirlər",- deyə sədr əlavə edib.

O. Əsədov onu da qeyd edib ki, deputatlarımız beynəlxalq təşkilatlarda da səmərəli əməkdaşlıq edir, bir çox məsələlərdə eyni mövqedən çıxış edirlər: "Biz BMT Təhlükəsizlik Şurasına qeyri daimi üzvlük məsələsində bunun şahidi olmuşuq. Pakistan yeganə dövlətdir ki, işğalçı Ermənistan ilə heç bir əlaqə qurmyıb. Eyni zamanda, Xocalı faciəsini soyqırımı aktı kimi tanıyan ilk dövlətdir. Biz bunu çox yüksək qiymətləndiririk və ümid edirik ki, bu mövqe dəyişməyəcək".

Oqtay Əsədov Dağlıq Qarabağ münaqişəsi ilə bağlı nümayiş etdirdiyi mövqeyə görə Pakistan nümayəndə heyətinə minnətdarlıq edib.

Maulana Fazl –ur- Rahman Azərbaycanda onlara göstərilən qonaqpərvərliyə görə nümayəndə heyəti adından minnətdarlıq edib. O deyib ki, Pakistan qardaş və dost Azərbaycan ilə əlaqələrin hərtərəfli inkişafında maraqlıdır: "Pakistan xalqı azərbaycanlıların problemlərini yaxşı başa düşür və ona görə də qarşılaşdığı problem həll olunmayana qədər işğalçı Ermənistanla heç bir əlaqə qurmayacaq".

Qonaq onu da bildirib ki, Pakistan Parlamentinin hər iki palatası Xocalı faciəsini Ermənistanın azərbaycanlılara qarşı törətdiyi soyqırımı aktı kimi tanıyıb.

Sonra görüşdə Azərbaycan ilə Pakistan arasında iqtisadiyyat, ticarət, hərbi və informasiya kommunikasiyası sahəsində əməkdaşlığın genişləndirilməsi, parlamentlərarası əlaqələrin daha da inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparılıb.

Samirə Abdullayeva

Bütün xəbərlər Facebook səhifəmizdə