Pakistandan Azərbaycana təklif

Pakistan Azərbaycan üçün müdafiə, dəmir yolu, bank, poçt və bir sıra digər sahələrdə təlimlər təşkil edə bilər. SİA-nın verdiyi xəbərə görə, bu barədə Pakistan parlamentinin Kəşmir üzrə xüsusi komitəsinin sədri Fəzl Ur Rəhman Azərbaycan Milli Məclisində Azərbaycan-Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupu ilə görüşdə bildirib.

O həmçinin bildirib ki, iki ölkə arasındakı ticarətin həcmi Azərbaycanla Pakistan arasındakı əlaqlərin səviyyəsini əks etdirmir: "Ölkələr arasında ticarət əlaqələrini genişləndirmək lazımdır. Həmçinin ölkələrin palamentləri arasında qarşılıqlı səfərlərin intensiv xarakter alması vacibdir".

Fəzl Ur Rəhman deyib ki, bərqərar olan dostluq və qardaşlıq münasibətlərini yüksək qiymətləndirir. O qeyd edib ki, Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkə olub və yalnız Dağlıq Qarabağ münaqişəsi səbəbindən Ermənistanı dövlət kimi tanımayan yeganə ölkədir.

"Dağlıq Qarabağ və Kəşmir məsələlərində ortaq mövqelər iki ölkə arasındakı mövcud əlaqələrin təzahürüdür", - pakistanlı parlamentari bildirib. Azərbaycan-Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əliağa Hüseynov görüşdə bildirib ki, iki ölkə arasındakı qardaşlıq münasibətləri günü-gündən inkişaf edir.

"Sevindirici haldır ki, Pakistan parlamentinin hər iki palatasında Azərbaycanla dostluq qrupları mövcuddur", - o deyib.

Hüseynov qeyd edib ki, dostluq münasibətləri bundan sonra da inkişaf edəcək.

İşçi qrupunun üzvü Eldar İbrahimov görüşdə bildirib ki, bu gün Pakistan və Azərbaycan eyni problemləri yaşayır: "Pakistan Dağlıq Qarabağ probleminin həllinə öz köməkliyini təklif edib, biz də hər zaman Pakistana öz dəstəyimizi göstərəcəyik. Pakistan hərbiçiləri açıq şəkildə deyirlər ki, Dağlıq Qarabağ münaqişəsinin həllində silah lazımdırsa silah, canlı qüvvə lazımdırsa canlı qüvvə verə bilərik".

Bütün xəbərlər Facebook səhifəmizdə