Cümə günü Türkiyənin Kocaeli vilayətindəki Kartepe bələdiyyəsinin ərazisində yeni salınmış Azərbaycan-Türkiyə dostluq parkının açılış mərasimi keçirilmişdir. Bu barədə məlumatı Diasporla İş üzrə Dövlət Komitəsi verib.
Açılış mərasimində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Türkiyə Baş nazirinin müşaviri Seadetdin Kılıc, Mərmərə Qrupu Sosial və Strateji araşdırmalar Vəqfinin sədri Akkan Suver, Kartepe bələdiyyəsinin sədri Şükrü Karabalık, Kocaeli valiliyi və bələdiyyəsinin rəhbər şəxsləri iştirak ediblər.
Mərasimi giriş sözü ilə açan Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının sədri Bilal Dündar tədbir iştirakçılarını salamlayaraq bu parkın iki xalq arasındakı dostluq və qardaşlıq münasibətlərinin təcəssümü olduğunu qeyd edib. O, parkın salınmasına verilən dəstəyə görə Koceli bələdiyyəsi və valiliyinə, eyni zamanda Dərincə bələdiyyəsinə minnətdarlığını bildirib.
Kartepe bələdiyyəsinin sədri Şükrü Karabalık Azərbaycanın Türkiyə üçün önəmli bir ölkə, qardaş dövlət olduğunu qeyd edib. O, Azərbaycanın adı keçən hər bir layihənin, təşəbbüsün Türkiyədə hər zaman dəstək qazandığını və bunun təbii olduğunu vurğulayıb.
Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Azərbaycana göstərilən sevgiyə və diqqətə görə təşəkkürünü bildirmişdir. O, Türkiyə ilə Azərbaycanın birgə həyata keçirdiyi transmilli layihələrin hər iki ölknin gücünə güc qatdığını, regionda və dünyada nüfuzunun daha da artmasına səbəb olduğunu vurğulamışdır.
Həsənov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin "Biz bir millət iki dövlətik" kəlamının tarixi reallıqları ifadə etdiyini qeyd edərək, Türkiyə ilə Azərbaycan arasında münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşıdığını diqqətə çatdırmışdır. Prezident Administrasiyasının şöbə müdiri parkın salınmasına verilən dəstəyə görə Kocaeli bələdiyyəsi və valiliyinə, və Dərincə bələdiyyəsinə təşəkkür etmişdir.
Tədbirin sonunda Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov Kartepe bələdiyyəsinin sədri Şükrü Karabalıka təşəkkür plaketi təqdim edib.
Mərasim bitdikdən sonra tədbir iştirakçıları Dərincə bələdiyyəsi Ərazisində yerləşən ümummilli lider Heydər Əliyevin adını daşıyan parkı ziyarət ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB