Türkiyə Cümhuriyyətinin Azərbaycan Respublikasındakı səfirliyi iki ölkə arasındakı dostluq münasibətlərini daha da inkişaf etdirmək, mədəni sahədə əlaqələri daha da dərinləşdirməyi əsas məqsədlərindən biri sayır. Səfirlik bu məqsədlə ziyalılarla, ictimai fəallarla və gənclərlə mütəmadi olaraq görüşlər keçirməyi planlaşdırıb. SİA-nın cənub bürosunun verdiyi məlumata görə, belə görüşlərdən biri "Lənkəran Turizm İnformasiya Mərkəzi"nin dəvəti ilə Türkiyənin TRT dövlət kanalı, Anadolu Dövlət Agentliyi, İhlas və Cihan Xəbər Agentliklərinin təmsilçiləri ilə birlikdə cari ilin noyabr ayının 23-24 tarixlərində Lənkəran şəhərində keçirilib.
Öncə Noyabrın 23-də Türkiyənin Azərbaycandakı səfirinin müşaviri Seyidəhməd Arslanın rəhbərlik etdiyi nümayəndə heyətinin Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovla görüşü olub. ŞİH-nin konfrans zalında nümayəndə heyətini qəbul edən İcra başçısı iki qardaş ölkə arasında əlaqələrin gündən-günə daha da möhkəmləndiyini bildirib, nümayəndə heyətinə Lənkəranın tarixi, onun mədəniyyəti və iqtisadiyyatı ilə bağlı ətraflı məlumat verib.
Səmimi qəbula görə İcra başçısına minnətdarlığını bildirən səfirin müşaviri Seyidəhməd Arslan Lənkəranın güclü turizm potensialına malik olduğunu diqqətə çatdıraraq belə gözəl diyarda yaşayıb-işləməyin xoş olduğunu xüsusi fərəh hissi ilə söyləyib, Azərbaycan-Türkiyə əməkdaşlığının bundan sonra daha da möhkəmlənəcəyini vurğulayıb.
Görüşün sonunda S.Arslan İcra başçısına Türkiyə Səfirliyi adından xatirə hədiyyəsini təqdim edib. Eyni zamanda Lənkəran Şəhər İcra Hakimiyyəti tərəfindən qonaqlara yüksək keyfiyyətli Lənkəran çayı hədiyyə edilib. İki gün ərzində Lənkərana ziyarət zamanı Türkiyənin bölgələri barədə Lənkəran ziyalılarına məlumat verilib, eyni zamanda Lənkəran bölgəsinin də Türkiyədə tanıdılması haqqında informasiya mübadiləsi aparılıb. Həmçinin Lənkəran şəhər Mərkəzi Kitabxanasına müxtəlif məzmunlu – elmi, ensiklopedik, bədii, tarixi və s. kitablar hədiyyə edilib.
Səfər çərçivəsində səfirliyin nümayəndələri Cənub bölgəsinin təbiəti, tarixi yerləri, mədəniyyəti ilə yaxından tanış olublar.
Sərraf Mirsəfəroğlu


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB