Milli Məclis qanun layihəsini qəbul edib

Milli Məclis qanun layihəsini qəbul edib

Milli Məclisin İqtisadi siyasət komitəsi bu gün "Qiymətləndirmə fəaliyyəti haqqında" yeni qanun layihəsini müzakirəyə çıxarıb.

SİA-nın verdiyi xəbərə görə, Komitə sədri Ziyad Səmədzadə bildirib ki, bu qanun layihəsi Azərbaycanda iqtisadiyyatın inkişafında və bazar münasibətlərinin tənzimlənməsində müstəsna rol oynayacaq.

Onun sözlərinə görə, qanun layihəsi bazar münasibətlərində, mülkiyyət məsələlərində ortaya çıxan problemlərin həll olunmasına yardım edəcək: "Baxmayaraq ki, bu sahəni tənzimləyən qanun 1998-ci ildə qəbul edilib, bu qanun müasir dövrün iqtisadi tələblərinə, bazar və mülkiyyət münasibətlərinin tənzimlənməsinə cavab vermir. Bu sahədə münasibətlərin tənzimlənməsi üçün yeni qanuna ehtiyac var".

Qanun layihəsinin müəllifi, deputat Xanhüseyn Kazımlı deyib ki, sənəd 3 fəsil, 39 maddədən ibarətdir və beynəlxalq təcrübə və bazar münasibətlərinin müasir dövrünün tələblərinə əsaslanaraq hazırlanıb.

Qanun layihəsi dövlətə, bələdiyyələrə, fiziki və ya hüquqi şəxslərə məxsus olan əmlakın və əmlak hüquqlarının qiymətləndirilməsi üzrə müstəqil qiymətləndirmə sisteminin yaradılmasının, qiymətləndirmə fəaliyyətinin həyata keçirilməsinin və bu cür fəaliyyətin nəticələrindən istifadə edilməsinin hüquqi əsaslarını və qaydalarını müəyyən edir.

Qanun layihəsində yeni Qiymətləndiricilər Palatasının yaradılması, onun fəaliyyəti, qiymətləndirməni həyata keçirmə mexanizmləri, Palata üzvlərinin qanunvericiliyin pozulmasına görə məsuliyyətə cəlb edilməsi, ümumiyyətlə, qiymətləndirmə fəaliyyətinin tənzimlənməsi ilə bağlı müddəalar əksini tapır.

Qanun layihəsi müzakirələrdən sonra qəbul olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə