"Qəzet sosial yardımların verilməsi prinsipindən xəbərsizdir"

"Qəzet sosial yardımların verilməsi prinsipindən xəbərsizdir"

Bir sıra mətbuat orqanlarında Balakən rayon Hənifə kənd sakini Seyidov Carullah Rəhim oğlunun dediklərinə istinad edilməklə, Balakən rayon əhalinin sosial müdafiəsi haqqında həqiqətə uyğun olmayan yazılar dərc olunub. SİA-nın əməkdaşı məsələyə aydınlıq gətirmək üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsi ilə əlaqə saxlayıb.

Nazirlikdən bildiriblər ki, Balakən rayon, Hənifə kənd sakini Seyidov Carullah Rəhim oğlu ünvanlı dövlət sosial yardımı almaq üçün rayon Əhalinin sosial müdafiəsi mərkəzinə 26 iyul 2007-ci il tarixdə şifahi müraciət edib. Ona ünvanlı dövlət sosial yardımı haqqında qanunvericilik izah olunaraq, sənədlərini toplayıb tam tərkibdə mərkəzə təqdim etməsi tövsiyə edilib. Bundan sonra Seyidov Carullah Rəhim oğlu 1 noyabr 2007-ci il tarixdə müvafiq sənədləri tam tərkibdə mərkəzə təqdim edib.

Mərkəzdə fəaliyyət göstərən "Ünvanlı dövlət sosial yardımı təyin edən Komissiya" Seyidov Carullah Rəhim oğlunun təqdim etdiyi sənədlərə obyektiv və ədalətli şəkildə baxaraq, onun ailəsinə sənədləri təqdim etdiyi gündən, yəni 1 noyabr 2007-ci il tarixdən 6 ay müddətinə (həmin dövrdə ünvanlı dövlət sosial yardımın təyinat müddəti 6 ay olmuşdur) ünvanlı dövlət sosial yardımı və ailəsində 1 yaşadək uşaq olduğu üçün əlavə olaraq 15 manat müavinət təyin edilib. Bu barədə ona rəsmi məlumat verilib və yardımın ödənişi üçün plastik kart sifariş edilib.

Qısa müddət ərzində plastik kart hazır olub və Seyidov Carullah Rəhim oğlu imza edərək kartını götürüb. Lakin az sonra o, onun ailəsinə yardımın mərkəzə şifahi müraciət etdiyi vaxtdan, yəni 26 iyul 2007-ci il tarixdən təyin olunmasını iddia edərək təkidlə kartını mərkəzə qaytarıb. Ona qanunvericilik bir daha izah olunaraq bildirilib ki, ünvanlı dövlət sosial yardımı tam tərkibdə sənədlər mərkəzə təqdim edildiyi vaxtdan təyin olunur. Lakin Seyidov Carullah Rəhim oğlu bu dəfə guya kartının ona açıq zərfdə verildiyini iddia edərək, kartını götürməkdən yenə də imtina edib. Bununla bağlı olaraq, qanunvericiliyə uyğun şəkildə müvafiq akt tərtib edilib və yardım təyinatı dayandırılıb.

Sonrakı müddətdə Seyidov Carullah Rəhim oğlu ünvanlı sosial yardım üçün mərkəzə təkrar müraciət etməyib. O, mərkəzə rəsmi müraciət edəcəyi halda onun ünvanlı yardım almaq hüququna qanunvericiliyə uyğun şəkildə baxılaraq qərar qəbul ediləcəkdir. Bu barədə ona məlumat verilib.

Sonda bildiririk ki, nazirliyin yerli strukturlarında vətəndaşlarda narazılıq yaradan hər hansı halla bağlı məlumat nazirlik tərəfindən ciddi şəkildə araşdırılır və müvafiq tədbirlər görülür. Ona görə də KİV-dən belə hallarla bağlı informasiya aldıqları təqdirdə bu barədə nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinə məlumat vermələri xahiş olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə