Milli Məclis "Azərbaycan Hökuməti və Tacikistan Hökuməti arasında müəllif hüquqları və əlaqəli hüquqların qorunması sahəsində əməkdaşlıq haqqında" Sazişin təsdiq edilməsi barədə qanun layihəsini müzakirə edib.
SİA-nın məlumatına görə, layihə barəsində deputatlara Bəxtiyar Əliyev məlumat verib. Millət vəkili Aslan Şahverdi bildirib ki, indi də Tacik ədəbiyyatşünasları Nizami Gəncəvini "tacik şairi" adlandırırlar.
Bəxtiyar Əliyev isə deyib ki, Nizami Gəncəvini hamı azərbaycanlı şair hesab edir və bu yaxınlarda dahi Nizaminin yubiley tədbirləri də keçirilib.
Millət vəkili Gövhər Baxşəliyeva isə söyləyib ki, Nizamini fars şairi də adlandırırlar, amma SSRİ zamanında görkəmli azərbaycanlı alimlər Nizamini fars dilində yazıb-yaradan azərbaycanlı şair olduğunu sübut ediblər.
Aqil Abbas isə deyib ki, müəllif hüquqlarının qorunması ciddi məsələdir. Bizim kitablarımız Türkiyədə çap edilir, eləcə də türk müəlliflərinin kitabı da burada çap edilir. Əgər bu müqavilələr bağlanarsa, müəllif hüququ qorunar və alimlər, yazıçılar buna görə, pul ala bilərlər. Ən azından Türkiyə ilə bu müqavilə bağlanmalıdır.
Qənirə Paşayeva deyib ki, bu istiqamətdə cavabdeh olan dövlət qurumlar həssaslığını artırmalıdır: "Söhbət ancaq Nizamidən getmir. Bir sıra məşhur azərbaycanlı yazıçılar İran və Tacikistan mədəniyyət nümayəndələri təqdim olunur. Hərə birinə sahiblənib və məktəblərdə tədris edirlər. İran isə bunu ümumiyyətlə qəbul etmir. Fikrimcə, Tacikistanla danışıb bunu həll edə bilərik".
Musa Quliyev deyib ki, Gəncədə Nizaminin 870 illiyi ilə bağlı yubiley keçirilib. Hətta konfrans təşkil edildi və ora İranla Tacikistan nümayəndələri dəvət edildi. İran tərəfi konfransa gəlmədi. Tacikistan nümayəndələri konfransda iştirak etdi və hətta baş nazirin təbrik məktubunu oxudu. Məktubda Nizami Azərbaycan şairi kimi qeyd edildi.
Müzakirələrin sonunda qanun layihəsi qəbul edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB