Etibar Hüseynov: "Qurumun baş xidmətçisi deputatları təhqir edir"
Millət vəkilindən sərt cavab

Milli Məclisin (MM) plenar iclasında deputat Etibar Hüseynov çıxış edərək MM mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlunu kəskin tənqid edib. SİA-nın məlumatına görə, o, ötən iclasda MM-də kompüter və internet probleminin olması barədə məsələ qaldırdığını xatırladıb: "Amma çox təəsüf ki, ötən müddətdə bu problemlə heç kəs maraqlanmadı, heç kəs tədbir görmədi. Amma əvəzində, parlamentin mətbuat xidmətinin rəhbəri mətbuatda məni şər və böhtançı adlandırdıb".

E.Hüseynov A.Təvəkküloğlunu hədd və səlahiyyətləri aşmaqda, onu təhqir etməkdə günahlandırıb: "Amma mən hədd və səlahyyətlərimi aşaraq ondan deyil, MM Aparat rəhbəri Səfa Miirzəyevdən soruşmaq istəyirəm ki, kimə böhtan atmışam? Deputatın adi bir xahişdə bulunması nə vaxtdan şər-böhtan olub?! Axı adından da görünür ki, bu qurum xidmət edən qurumdur. Məntiqlə, bu qurumda fəaliyyət göstərənlər xidmətçi statusunu daşıyır. İndi bu qurumun baş xidmətçisi deputatları təhqir edir. Mətbuatda Milli Məclis, xanım millət vəkilləri ən ağır şəkildə təhqir olunanda Akif Təvəkküloğlu qorxusundan cınqırını çıxarmağa cəsarət etmədi".

E.Hüseynov S.Mirzəyevdən məsələyə münasibət bildirməsini, onun barəsində tədbir görülməsini xahiş edib. O, A.Təvəkküloğluna mətbuatda dediyi sözlər barədə təkzib çıxışı və üzr istəməsi üçün axşama qədər vaxt verib: "Əks halda cavab hüququndan istifadə edəcəyəm".

İclasa sədrlik edən MM sədrinin birinci müavini Ziyafət Əsgərov isə bu cür məsələlərdən ötrü paralmentdə çıxış etməyə ehtiyac olmadığını bildirib: "Siz elə mənə və ya Səfa müəlimə yaxınlaşardınız danışıb həll edərdik. İndi səhər mətbuat başlayacaq, bunu istəyirdiniz?! Olmaz belə, biz bir kollektivdə işləyirik".

Bütün xəbərlər Facebook səhifəmizdə