“Neftqaztikinti”də YAP-ın 20 illiyi qeyd olunub

Bu günlərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) struktur vahidlərində Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 20 illiyi münasibəti ilə silsilə tədbirlər keçirilir. Noyabrın 16-da "Neftqaztikinti" Trestində Yeni Azərbaycan Partiyasının yaradılmasının 20 illiyi ilə əlaqədar tədbir keçirilib. Tədbirdə "Neftqaztikinti" Trestinin müdiri, YAP Nizami rayon "Neftqaztikinti" Tresti ilk ərazi partiya təşkilatının sədri Mirkazım Abasov, YAP Nizami rayon təşkilatının aparat rəhbəri Ramil Vəlibəyov, Trest HİK-in sədri Elşad Cəbrayılov, Trest aparatının məsul şəxsləri və struktur vahidlərinin rəhbərləri iştirak ediblər.

Dövlət himni səsləndirilməsi ilə başlayan tədbiri giriş sözü ilə açan "Neftqaztikinti" Trestinin müdiri, YAP Nizami rayon "Neftqaztikinti" Tresti ilk ərazi partiya təşkilatının sədri Mirkazım Abasov çıxışında qeyd edib ki, Yeni Azərbaycan Partiyasının yaradılması tarixi zərurət idi: "1992-ci ildə Yeni Azərbaycan Partiyası qarşısına çıxan tarixin çətin sınaqlarından keçib. O vaxtlar partiyanın yaradılması üçün maneələrin olmasına baxmayaraq, xalqı çətin gündən nicat yoluna çıxaran partiyanın yaradılması zəruri idi. Təsadüfi deyil ki, yaranmasından 1 il keçməmiş Yeni Azərbaycan Partiyası iqtidar partiyasına çevrildi. 1992-ci ildə yaranan Yeni Azərbaycan Partiyasının gördüyü işlər göz qabağındadır. Ulu öndər Heydər Əliyevdən sonra da bu siyasi kurs uğurla davam etdirildi. Həyata keçirilən güclü siyasət nəticəsində Azərbaycan dövləti bu gün dünya dövlətləri arasında özünəməxsus yer tutur".

Trestin müdiri M. Abasov çıxışının sonunda tədbir iştirakçılarını və qonaqları bir daha partiyanın yaradılmasının 20 illiyi münasibəti ilə təbrik edib və partiya üzvlərini növbəti 2013-cü ildə prezident seçkilərində YAP namizədinin qələbə qazanması istiqamətində fəal olmağa çağırıb.

Sonra YAP Nizami rayon təşkilatının aparat rəhbəri Ramil Vəlibəyov partiyanın yaranma tarixindən danışaraq bildirib ki, müstəqilliyin ilk illərində Azərbaycandakı xaos, hərc-mərclik, ərazilərimizin düşmən tərəfindən işğalı, mərkəzi dövlət hakimiyyətinin zəifləməsi, səriştəsiz liderlərin yarıtmaz siyasəti nəticəsində ölkə tənəzzülə doğru gedirdi: "Belə bir vaxtda insanların şüurunda, qəlbində Heydər Əliyevin müdrik, yaradıcı, qurucu, xilaskar obrazı canlanırdı. Azərbaycan xalqı məhz bu dövrdə ulu öndərə üz tutub, ölkənin nicatı naminə onu siyasi həyatda fəal iştirak etməyə çağırıb".

R. Vəlibəyov vurğulayıb ki, ümummilli lider Heydər Əliyevin Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməyə razılıq verməsi xalqda gələcəyə inam hissini yenidən gücləndirib: "1992-ci il noyabrın 21-də Naxçıvan Dram Teatrının binasında Yeni Azərbaycan Partiyasının təsis qurultayı keçirildi. Ulu öndər yekdilliklə partiyanın sədri seçildi. Bununla da Azərbaycanın siyasi həyatına Yeni Azərbaycan Partiyası adı altında qüdrətli bir təşkilat daxil oldu".

"Neftqaztikinti" Tresti ərazi ilk partiya təşkilatının İdarə Heyətinin üzvü, "Neftqaztikinti" Trestinin müdir müavini Şəfiq Nemətov, "Neftqaztikinti" Tresti ərazi ilk partiya təşkilatının sədr müavini, Trestin Sosial inkişaf şöbəsinin rəisi Əli Qurbanov, YAP Nizami rayon "Neftqaztikinti" tresti ərazi ilk partiya təşkilatının Gənclər Birliyinin sədri Asim Qədirov, "Neftqaztikinti" tresti ərazi ilk partiya təşkilatının gənc üzvü Natiq Əliyev çıxış edərək müasir dövlətimizin qurucusu ulu öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyasının ölkəmizin bu günü və gələcəyi üçün böyük uğurlara imza atdığını deyiblər.

Tədbirin sonunda partiya sıralarına yeni qəbul olunmuş bir qrup neftçiyə üzvlük vəsiqələri təqdim olunub, rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə isə bir qrup neftçi və 2 nəfər partiya veteranı YAP Nizami rayon təşkilatının Fəxri Fərmanları ilə təltif olunublar.

Bütün xəbərlər Facebook səhifəmizdə