Ötən gün Bakıda beşulduzlu "Four Seasons Hotel Baku"nun açılışına həsr olunmuş təntənəli gecə keçirilib. Bununla yanaşı "Baku" jurnalının nəşrinin 5 illiyi ilə bağlı sərgi açılıb. SİA-nın xəbərinə görə, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, "Baku" jurnalının təsisçisi və baş redaktoru Leyla Əliyeva iştirak edib.
Mərasimdə xarici ölkələrin Azərbaycanda fəaliyyət göstərən səfirliklərinin nümayəndələri, yerli və xarici media mənsubları, tanınmış iş adamları, mədəniyyət və incəsənət xadimləri iştirak edib.
"Four Seasons" otellər şəbəkəsinin Parisdən gəlmiş bədii işlər üzrə mütəxəssisi Ceff Litamın "Four Seasons Hotel Baku"nun açılışına həsr olunmuş təntənəli gecəyə verdiyi bənzərsiz dizayn qonaqların zövqünü oxşayıb. Otelin ikinci mərtəbəsinin foyesində qonaqlar Əməkdar artist Azərinin canlı ifasında Azərbaycan xalq və bəstəkar mahnılarını dinləyiblər.
Məşhur "Four Seasons" otellər şəbəkəsinin dünyada sayca 90-cı oteli "Four Seasons Hotel Baku" 27 lüks və yüksək səviyyəli qonaqlar üçün nəzərdə tutulan 2 nömrə də daxil olmaqla, ümumilikdə 171 geniş otaqdan ibarətdir. Klassik interyeri, göz oxşayan rəng çalarları və gözəl balkonları ilə diqqəti çəkən otaqlar yüksək texnologiya ilə təchiz olunub. Otaqların əksəriyyətindən Bakının və Xəzər dənizinin füsunkar mənzərəsini seyr etmək mümkündür. Burada müxtəlif zövqlərə uyğun nömrələrlə yanaşı, müştərilərə zəngin əyləncə növləri də təklif edilir.
Tədbir iştirakçılarını salamlayan "Four Seasons Hotel Baku"nun baş meneceri Tarek Murad Bakıda fəaliyyət göstərmələrindən məmnunluğunu ifadə edib.
Sonra qonaqlar nəşrə 2007-ci ildə Moskvada rus dilində başlayan "Baku" jurnalının 5 illiyinə həsr olunmuş fotosərgi ilə tanış olublar. Sərgidə məşhur fotoqrafların Bakının dəbini və müasir üslubunu təcəssüm etdirən fotoları nümayiş olunur.
Tədbir yerli və xarici rəqs qruplarının, musiqi kollektivlərinin iştirakı ilə hazırlanmış geniş konsert proqramı ilə davam edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB