“Azərbaycanın ərazi bütövlüyünün bərpası heç kimdə şübhə doğurmur”
İlham Əliyev: "Hamı yaxşı bilir ki, Azərbaycanın artan siyasi- iqtisadi və hərbi gücü məsələnin birdəfəlik Azərbaycanın xeyrinə həll olunmasına gətirib çıxaracaq"
"Xarici siyasətimizin əsas istiqaməti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllidir. Biz öz səylərimizi davam etdirəcəyik və davam etdiririk. Bir daha demək istəyirəm ki, mövqeyimiz çox möhkəmdir, beynəlxalq hüquqa, tarixə, ədalətə və artan gücümüzə əsaslanır. Biz danışıqları aparırıq, eyni zamanda, hərbi gücümüzü artırırıq və artıracağıq". Məlumata görə, bunu Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının yaradılmasının 20 illiyinə həsr olunmuş təntənəli mərasimdəki çıxışında deyib.
Onun sözlərinə görə, bu gün Ermənistanla Azərbaycan arasında çox böyükdür və gündən-günə genişlənir: "Azərbaycan ildən-ilə güclənir və möhkəmlənir. Ermənistan isə ildən-ilə zəifləyir və tənəzzülə uğrayır. Ermənistandan başqa ölkələrə müşahidə olunan kütləvi köç, insanların köçməsi bunun əyani sübutudur. Biz Ermənistanı təcrid etmək üçün bundan sonra da səylərimizi göstərəcəyik. Bu siyasətin nəticələri var. Biz bu nəticələri görürük. Ermənistanın işğalçı siyasətini bütün beynəlxalq təşkilatlarda bundan sonra da ifşa edəcəyik. Bizim dünyadakı dostlarımızın sayı artır. Bizimlə əməkdaşlıq etmək istəyən ölkələrin sayı artır. Biz indi xarici ölkələrə müxtəlif istiqamətlər üzrə investisiya qoyuluşuna başlamışıq. Bu, yeni prosesdir. Biz bu prosesi gücləndirəcəyik. Beləliklə, bütün dünya ölkələri ilə siyasi və iqtisadi əlaqələr gələcəkdə daha da möhkəm olacaq. Artıq üç ölkə Xocalı soyqırımını soyqırımı kimi rəsmən tanıyıb. Bu proses artıq başlanıb və davam etdiriləcək. Çalışmalıyıq ki, Xocalı soyqırımını maksimum dərəcədə müxtəlif ölkələrdə soyqırımı kimi tanıtdıraq".
Azərbaycan Prezidenti bəyan edib ki, ortamüddətli və uzunmüddətli perspektiv baxımından Azərbaycanın ərazi bütövlüyünün bərpası heç kimdə şübhə doğurmur: "Nə bizdə, nə də ki, bu məsələ ilə məşğul olan vasitəçilərdə. Məhz ona görə də biz hesab edirik ki, son zamanlar beynəlxalq vasitəçilər məsələnin həllində daha da böyük fəallıq göstərirlər. Çünki hamı yaxşı bilir ki, Azərbaycanın artan siyasi- iqtisadi və hərbi gücü məsələnin birdəfəlik Azərbaycanın xeyrinə həll olunmasına gətirib çıxaracaq. Biz, bir daha demək istəyirəm ki, danışıqlar prosesində iştirak edirik. Ancaq bununla bərabər bütün başqa tədbirləri görürük, bütün başqa variantlara hazırıq. Azərbaycanın, bir daha demək istəyirəm ki, çox möhkəm hüququ, tarixi və siyasi əsasları var. Mən şübhə etmirəm ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Bu məsələnin həlli məhz bu prinsiplər əsasında ola bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB