İslam aləmində səfər və məhərrəm ayları təziyyədarlıq ayıdır

İslam aləmində səfər və məhərrəm ayları təziyyədarlıq ayıdır

Qazi Hacı Mirəziz Seyidzadə: "Məhərrəm ayı daxil olandan sonra Azərbaycan xalqı hər zaman toy, şənlik mərasimlərini dayandırıb"

"Məhərrəm ayı hicri-qəməri ilinin ayları arasında müqəddəs, möhtərəm aylardan biridir. Məhərrəm ayı təqvimlə 2012-ci il noyabr ayının 16-na təsadüf edir. İnşallah aşura isə ayın 25-i İmam Hüseyn Əleyhissalamın şəhid olduğu gündür. İslam aləmində səfər və məhərrəm ayları təziyyədarlıq ayıdır. Çünki məhərrəm ayında peyğəmbərimizin sevimli nəvəsi İmam Hüseyn Əleyhissalamın və 71 nəfərin yari ənsarlarının şəhadətə çatdığı günüdür. Həzrəti İmam Həsənağa və Həzrəti İmam Rzanın vəfatı da səfər ayına təsadüf edir. Bununla da iki ay təziyyədarlıq başa çatır". Bu sözləri "Səs" qəzetinə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin Fətva şöbəsinin müdiri, ilahiyyət üzrə fəlsəfə doktoru, Qazi Hacı Mirəziz Seyidzadə deyib.

O qeyd edib ki, bu günlərdə Azərbaycan xalqı, müsəlmanlar ata-babadan bu ayı imamlarımızı yad edib, onların ruhuna dualar oxuyub, ehsanlar veriblər: "Məhərrəm ayı ərzində onlar toy, şənlik mərasimlərini saxlayıblar, Həzrəti İmam Hüseynin təziyyədarlığı ilə məşğul olublar. Bu o demək deyil ki, elə İmam Hüseyn təziyyədarlığı daxil oldu, insanlar ancaq müsibət saxlamalı, bədbinliyə qapanmalıdır. Bu Həzrəti Peyğəmbərə və onun əhli-beytinin müsibətində səbr etmək, peyğəmbərə ehtiram göstərməkdir".

Şöbə müdiri bizimlə söhbətində onu da bildirdi ki, bu 2 ayda Həzrəti İmam Hüseynin təziyyədarlığı Peyğəmbərə, İmam Hüseyn Əleyhissalama, Fatimeyi Zəhraya və ümumiyyətlə əhli-beytə başsağlığı vermək kimi bir mərasim bərpa edirik: "Əlbəttə, bu mərasimlərdə gözəl olar ki, insanlar süfrələr açsın, ehsanlar verilsin, kimsəsiz uşaqları sevindirsinlər, qocalara ehtiram göstərsinlər. Ümumiyyətlə, bu iki ay İslam aləmində gözəl əməllər ayıdır. Nə qədər yaxşı əməllər varsa, bu iki ayda onları etmək gözəl olar. Həmçinin, bu ayda zəncir vurmaqla və başqa vasitələrlə bədənlərindən qan çıxarırlar. Lakin belə əməllərdənsə Qafqaz Müsəlmanları İdarəsinin təşkil etdiyi qanvermə aksiyalarında iştirak etmək, qan verməklə kimsənin həyatını qorumaq daha gözəl sayılır".

"İmam Hüseyn şəhidlik məktəbini hər kim mütaliə edə bilsə, heç şübhəsiz o adam həm dünyada, həm axirətdə xoşbəxt olacaq. Məhərrəm ayı daxil olandan sonra Azərbaycan xalqı hər zaman toy, şənlik mərasimlərimi dayandırıb. Belə məclislər 2 ay sonra keçirilir. Buna əməl etmək çox vacibdir. Buna itaət etmək, bu ayları gözləmək vacibdir" – deyə ilahiyyatçı alim qeyd edib.

Babək Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə