“1-ci Şahsevən” sərhəd komendantlığı istifadəyə verildi

“1-ci Şahsevən” sərhəd komendantlığı istifadəyə verildi

Bu gün Horadiz sərhəd dəstəsinin xidməti ərazisində yenidən inşa olunmuş "1-ci Şahsevən" sərhəd komendantlığının açılışı olub. SİA-nın Dövlət Sərhəd Xidmətindən aldığı məlumata görə, açılış mərasimlərində çıxış edən Dövlət Sərhəd Xidmətinin rəisi, general-leytenant Elçin Quliyev komendantlığın istifadəyə verilməsi münasibətilə şəxsi heyəti təbrik edib, xidmətlərində uğurlar arzulayıb.

Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə digər sahələrdə olduğu kimi, sərhəd mühafizəsi də bu gün dinamik inkişaf edir. Sərhəd Qoşunlarının maddi-texniki bazasının möhkəmləndirilməsi, şəxsi heyətin döyüş qabiliyyətinin artırılması, zabit və gizirlərin sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər görülür, Sərhəd Qoşunları gündən-günə daha da qüdrətlənir.

Mərasimdə çıxış edən hərbi hissənin komandiri polkovnik-leytenant Zaur Zeynalov Horadiz sərhəd dəstəsinin xidməti və döyüş fəaliyyəti haqqında məruzə edib. Məlumat verilib ki, cari ilin avqust ayında sərhəd dəstəsinin 5 sərhəd zastavası yenidən inşa olunaraq istifadəyə verilib. Hazırda sərhəd dəstəsi qarnizonunda tikinti-təmir işləri, hərbi hissəsə 5 binadan ibarət 105 mənzilli yaşayış şəhərciyinin, hərbi xəstəxananın tikintisi davam etdirilir.

Açılışı bildirən rəmzi lent kəsildikdən sonra Elçin Quliyev yeni inşa edilmiş iki mərtəbəli 200 yerlik əsgər yataqxanası, zabit və gizirlər üçün yaşayış binası, əsaslı təmir edilmiş qərargah binası, hamam, camaşırxana, komendantlığa məxsus texnika və anbarlardan ibarət texniki binalarla tanış olub.

Bildirilib ki, 24 mənzilli yaşayış binası mebel və lazımi məişət avadanlığı ilə təmin olunub. Yaşayış binasının həyətində də abadlıq işləri aparılmış, istirahət köşkləri qoyulub.

Sərhədçi ailələri yaradılan şəraitə və göstərilən qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Sərhəd komendantlığı kompleksi ilə tanışlıqdan sonra Dövlət Sərhəd Xidmətinin rəisi, general-leytenant Elçin Quliyev əsgərlərlə birlikdə nahar edib.

Bütün xəbərlər Facebook səhifəmizdə