Dövlət başçısı İlham Əliyev Çeçenistan prezidenti Ramzan Kadırovu qəbul edib
Azərbaycan prezidenti İlham Əliyev Rusiya Federasiyası Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Dövlət başçısı ölkəmizlə Rusiya Federasiyasının ayrı-ayrı subyektləri arasında əməkdaşlıq əlaqələrinin gücləndirilməsinin Azərbaycan ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsi işinə töhfə verəcəyinə əminliyini ifadə edib. Prezident İlham Əliyev Rusiya Federasiyası Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovun ikinci dəfə ölkəmizə səfər etməsini xalqlarımız arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərinin yaxşı göstəricisi kimi dəyərləndirib.
Prezident İlham Əliyev əməkdaşlığımızın iqtisadi, sərmayə qoyuluşu, humanitar və digər sahələrdə daha da genişləndirməyin önəmini qeyd edib. Çeçenistanda sabitliyin bərqərar olunduğunu və genişmiqyaslı layihələrin həyata keçirildiyini vurğulayan dövlətimizin başçısı əldə olunan uğurlar münasibətilə onu təbrik edib.
Çeçen xalqının Azərbaycan xalqını özünə qardaş və dost xalq hesab etdiyini deyən Rusiya Federasiyası Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov xalqlarımız arasında mövcud olan bu münasibətlərin qədim tarixi köklərə malik olduğunu vurğulayıb. Ramzan Kadırov Azərbaycanda gedən sürətli inkişaf proseslərinin böyük maraqla izlənildiyini deyib. Ramzan Kadırov çeçen xalqının ən çətin vaxtlarında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin onlara göstərdiyi qayğını ehtiramla xatırlayıb.
Bu gün Azərbaycan prezidenti İlham Əliyevin adından Rusiya Federasiyası Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovun şərəfinə nahar verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB