Noyabrın 13-də Uruqvay parlamentinin sədri Xorxe Oriko və onun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan hökumətindən icazəsiz Ermənistan silahlı qüvvələrinin işğalı altında olan Azərbaycanın "Dağlıq Qarabağ" ərazisinə səfər edib. Qurumdan SİA-ya verilən məlumata görə, bununla əlaqədar Milli QHT Forumu Uruqvay parlamentinin nümayəndə heyətinə etiraz əlaməti olaraq bəyanat yayıb.
Bəyanatda deyilir:
- MQF olaraq Ermənistanda rəsmi səfərdə olan Uruqvay parlamentinin nümayəndə heyətinin Azərbaycan Respublikasının məlumatı olmadan Yerevandan Dağlıq Qarabağa səfərə getməsi beynəlxalq və ikitərəfli münasibətlərə hörmətsizlik, həmçinin beynəlxalq normalara zidd hesab edir və belə səfərləri qətiyyətlə pisləyirik.
Beynəlxalq hüququn bütün norma və qaydalarına zidd olaraq Ermənistanın 1988-ci ildən Azərbaycanın ərazi hüdudlarına qarşı başladığı təcavüzkar hərəkətlərin nəticəsi kimi ötən dövr ərzində 25 minə qədər insan qətlə yetirilmiş, on minlərlə insan yaralanmış, bir milyondan artıq dinc vətəndaş ev-eşiyindən didərgin düşmüş və bu acınacaqlı vəziyyət hazırda da davam etməkdədir.
Dünya birliyinin bu ədalətsizliyə adekvat reaksiya verməməsi ermənilərin Xocalıda və Azərbaycan Respublikasının digər yaşayış məntəqələrində insanlıq əleyhinə törətdiyi faciələri bir daha təkrarlamağa həvəsləndirmiş olur. Hesab edirik ki, bu bütün bəşəriyyəti düşündürməli olan bir mövzudur.
Diqqətiçəkən məqamlardan biri də budur ki, işğalçı Ermənistan hər vəchlə, XX əsrdə qəsb yolu ələ keçirdiyi qonşu dövlətin ərazisindəki qanunsuz fəaliyyətinə hüquqi don geyindirməyə çalışır. Bu günlərdə Uruqvay parlamentinin Nümayəndələr Palatasının sədri Xorxe Orikonun (Jorge Orrico) Uruqvay ilə Azərbaycan arasında olan dostluq münasibətlərinə xələl gətirəcək addım ataraq işğal altında olan torpaqlarımıza səfər etməsi və beynəlxalq hüququn tələblərini kobud şəkildə pozaraq Ermənistanın yaratmaq istədiyi oyuncaq quruma dəstək nümayiş etdirməsi sıralarında 600 QHT-ni birləşdirən Azərbaycan Milli Qeyri-hökumət Təşkilatları Forumu olaraq bizi və bütövlükdə ölkə ictimaiyyətini ciddi narahat edir. Biz vətəndaş cəmiyyəti koalisiyası olaraq bütün Uruqvay ictimaiyyətini Cənubi Qafqazda baş verən prosesləri yetərincə izləməyə, dövlətlərin ərazi bütövlüyü prinsipini, insan hüquq və azadlıqlarını hər şeydən uca tutaraq baş verən uyğunsuz səfərlə bağlı mövqelərini bildirməyə çağırırıq. MQF olaraq Latın Amerikası ölkələrinin hər birinin QHT-lərini, o cümlədən Uruqvaydakı vətəndaş cəmiyyəti sektorunu Azərbaycana və o cümlədən, münaqişə bölgəsinə səfər edərək obyektiv reallıqları gözardı etməməyə və zərərçəkən tərəf olan Azərbaycanlı həmkarları ilə sıx əməkdaşlığa dəvət edirik.
Bəyanat MQF-nin 600 üzv təşkilatı adından ingilis dilində Uruqvay Parlamentinə və ictimaiyyətinə göndəriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB