Siyasətin icrasında gənclərin rolu

Siyasətin icrasında gənclərin rolu

Məlum olduğu kimi Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən "Qərarların qəbulu və dövlət gənclər siyasətinin icrasında gənclərin iştirakı" adlı layihə həyata keçirilir. Qurumdan SİA-ya verilən məlumata görə, layihənin ümumi məqsədi dövlət siyasətinin planlaşdırılması və nəticələrinin əldə olunmasına öz töhfələrini verməklə Azərbaycan gənclərinin qərarların qəbulu prosesində daha fəal iştirakını təmin etməkdir. Onların gələcək liderlər və dövlət qulluqçuları kimi bacarıqlarını artırmaqdır.

Layihə çərçivəsində "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı"nın icrası və hesabatları zamanı istinad olunacaq monitorinq və qiymətləndirmə standartlarına uyğun indikatorların hazırlanması, həmçinin "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" və "Azərbaycan Respublikasının Məşğulluq startegiyasının həyata keçirilməsi üçün 2011-2015-ci illər üçün Dövlət Proqramı"nda gənclərin problemlərinin nə dərəcə nəzərə alındığını öyrənmək üçün xüsusi metodologiyanın hazırlanması nəzərdə tutulur.

Bu istiqamətdə müzakirələrin aparılması məqsədilə Birləşmiş Millətlər Təşkilatının (BMT) Bratislavadakı Regional Ofisinin nümayəndəsi, monitorinq və qiymətləndirmə üzrə beynəlxalq ekspert Roberto Bernardo 12-15 noyabr 2012-ci il tarixlərində Azərbaycan Respublikasına səfər etmişdir. Səfər çərçivəsində Roberto Bernardo Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin, Mədəniyyət və Turizm Nazirliyinin, İqtisadi İnkişaf Nazirliyinin, Təhsil Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələri, BMT rəsmiləri, qeyri-hökumət təşkilatlarının sədrləri, layihə əməkdaşları və yerli ekspertlərlə görüşlər keçirmişdir. Görüşlərdə yuxarıda adları çəkilən dövlət proqramlarının icrası, hədəf qrupları, eyni zamanda monitorinq və qiymətləndirməsi ilə bağlı qarşılıqlı fikir mübadiləsi aparılmışdır.

Səfərin yekununda Roberto Bernardo BMT-nin Bakı ofisində sözügedən dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə "Monitorinq və Qiymətləndirmə üçün nəticəyə əsaslanan idarəçilik yanaşması" adlı təqdimatla çıxış edib. Təqdimat zamanı R.Bernardo monitorinq və qiymətləndirmə sisteminin ümumi prinsipləri və mexanizimləri, resursları, indikatorları, fəaliyyətlər, gözlənilən risklər və s.haqqında ətraflı məlumat vermiş və bu istiqamətdə verilən sualları cavablandırmışdır.

Bütün xəbərlər Facebook səhifəmizdə