Məcburi köçkünlərə mavi yanacaq verilib

Məcburi köçkünlərə mavi yanacaq verilib

Yaşayış məntəqələrinin qazlaşdırılması Xocavənd rayonu ərazisində də aparılır. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, Xocavənd rayon ərazisində məcburi köçkünlərin məskunlaşdığı daha üç qəsəbəyə mavi yanacaq verilib. Xocavənd rayonunun Xocavənd, Yeni Xocavənd və Yeni Tuğ qəsəbələrinə təbii qazın verilməsi təmin olunub. Bu məqsədlə Yeni Xocavənd qəsəbəsində tədbir keçirilib.

Artıq bu qəsəbələrdə məskunlaşan 800-dən yuxarı ailə təbii qazdan istifadə etmək imkanı əldə edib. Tədbirdə Azəriqaz İstehsalat Birliyinin baş direktoru Əkbər Hacıyev, Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, idarə və müəssisələrin nümayəndələri, həmçinin rayon ictimaiyyəti iştirak edib.

Çıxış edənlər bildiriblər ki, əhaliyə mavi yanacağın fasiləsiz verilməsi üçün ölkə başçısının bütün tapşırıqları yüksək səviyyədə yerinə yetirilib. Eyni zamanda bu ilin sonuna qədər rayonda qazlaşdırma işlərinin davam etdiriləcəyi də bildirilib.

Qeyd edək ki, rayonun Qaradağlı kəndinin də bu il qazla təmin olunması nəzərdə tutulub.

Şamxal Cəliloğlu

Bütün xəbərlər Facebook səhifəmizdə