Hacıqasımlı kəndində işıq problemi yoxdur

Hacıqasımlı kəndində işıq problemi yoxdur

Son günlər bəzi müxalifət yönümlü kütləvi informasiya vasitələrində rayonun Hacıqasımlı kəndində işıq problemlərinin olduğu barədə yazılar dərc olunub. SİA-nın əməkdaşı məsələyə aydınlıq gətirmək üçün Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlham Quliyevlə əlaqə saxlayıb. İ.Quliyev bildirib ki, bəzi informasiya vasitələrində dərc olunan yazılar kənd sakinlərinin ümumi fikrini əks etdirməməklə yanaşı, heç bir əsası olmayan məlumatların müxalifət qəzetlərində dərc edilməsinə marağı olan bəzi şəxslərin özlərinin subyektiv fikirləridir.

"Məsələ ilə bağlı qeyd edirik ki, cari ilin noyabr ayının 2-də rayonun Hacıqasımlı kəndində transformatorun sarğısının yanması nəticəsində kəndin bir hissəsində müvəqqəti olaraq elektrik enerjisinin verilişi dayanmışdır. Sarğısı yanmış 160 kv-luq transformator müvəqqəti olaraq 100 kv-luq transformatorla əvəz olunub və az müddət keçməmiş əvvəlki gücdə olan transformator təmir olunaraq yerinə bərpa edilib. Həmin işlərin görüldüyü zaman kəndin müəyyən hissəsinə elektrik enerjisinin verilişində 10 saata qədər fasilə yaranıb. Hal-hazırda Hacıqasımlı kəndində fərdi təsərrüfatlar dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin edilirlər və heç bir narazılıq yoxdur", - deyə icra hakimiyyətinin rəsmisi bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə