"Bu vəsait Azərbaycana ödənilməyib"

"Bu vəsait Azərbaycana ödənilməyib"

"Bu gün çirklənmiş torpaqların təmizlənməsi və yarım köçəri maldarlığın ətraf mühitə mənfi təsiri Azərbaycanın ekologiya sahəsində qlobal problemləridir". Bunu jurnalistlərə açıqlamasında ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov deyib.

Onun sözlərinə görə, Azərbaycan 150 il müddətində Rusiya çarlığına ən sadə texnologiyalar sayəsində 1,5 milyard ton neft istehsal edib: "Bu isə trilyon dollarlıq vəsait deməkdir. Lakin bu vəsait Azərbaycana ödənilməyib, əvəzində isə 35 min hektar çirklənmiş torpaq əldə edilib. Sumqayıtda fəaliyyət göstərmiş kimya zavodunun çirkləndirdiyi torpaqlar hesabına bir sıra təşkilatlar ölkəmizə basqılar göstərib. Lakin bu basqıların əhəmiyyətli əsası yoxdur. Bu gün Bakı və Sumqayıt bir çox sənaye şəhərləri, o cümlədən Çinin və Afrika ölkələrinin sənaye şəhərləri ilə müqayisə olunmaz dərəcədə ekoloji sağlamlığa malikdir. Eyni zamanda etiraf etmək lazımdır ki, Azərbaycanda bu problemlər var və onların həlli külli miqdarda vəsait tələb edir".

Nazir köçəri maldarlığın ətraf mühitə etdiyi təsirdən də danışıb: "SSRİ-də köçəri maldarlıq haqqında olan normalara görə, 1 hektar ərazidə 1-2 heyvan yemlənə bilərdi. Çünki, torpağın özünü bərpa etməsi üçün bu rəqəm kifayətdir. Bu gün isə 1 hektar torpaqdan 35 heyvanın yemlənməsi üçün istifadə olunur. Bu da ətraf mühitin çirklənməsi üçün qlobal problemdir".

Bütün xəbərlər Facebook səhifəmizdə