Səhiyyə sistemində qışa hazırlıq

Səhiyyə sistemində qışa hazırlıq

Havaların soyuması ilə bağlı səhiyyə ocaqlarında gücləndirilən iş rejimi tətbiq edilməkdədir. Göygöl rayon Mərkəzi Xəstəxanasının baş həkimin müavini Eldar Muradovun SİA-nın bölgə müxbirinə verdiyi məlumata görə, dağlıq ərazidə yerləşən tibb ocaqlarında qışa hazırlıqla bağlı bütün lazımi tədbirlər görülüb. İlk növbədə sanitar avtomobillər hazır vəziyyətə gətirilib, xəstəxana istilik sistemi ilə tam təmin edilib. Soyuq aylarda geniş müşahidə olunan resprator xəstəliklərinin qarşısının alınması məqsədi ilə laboratoriyalar yeni avadanlıqlarla təhciz edilib, dərman preparatları ilə Göygöl rayon Mərkəzi Xəstəxanası təmin olunub.

Rayondan kənar həkim və tibb məntəqələrinə gəlincə müsahibimiz deyir ki, bu istiqamətdə də Səhiyyə Nazirliyinin göstərişi ilə nəzərdə tutulan tədbirlər həyata keçirilir. Dağlıq ərazidə yerləşən həkim və tibb məntəqələri, eyni zamanda kənd sahə xəstəxanası spesifik qaydada maddi texnika ilə təmin olunmalıdır ki bu iş də görülüb. Belə ki, mərkəzdən uzaq olan tibb mərkəzlərində birinci növbədə ilkin tibbi yardım göstərilməlidir. Bunun üçün də lazımi imkanlar yaradılıb.

Kadr məsələsinə də toxunan Eldar Muradov bu sahədə problemlərin qaldığını təsdiq edir. Hazırda nəinki ucqar tibb ocaqlarında, hətta rayon Mərkəzi Xəstəxanasında da həkim kontingentinə ehtiyac var.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə