Milli qəhrəmanın xatirəsi anılıb

Milli qəhrəmanın xatirəsi anılıb

Azərbaycanın Milli Qəhrəmanı Əsgər Əliyevin anadan olmasının növbəti ildönümü münasibətilə Lənkəranda anım mərasimi keçirilib. Əsgər Əliyevin adını daşıyan istirahət bağında keçirilmiş tədbirə Lənkəran Şəhər İcra Hakimiyyətinin rəsmiləri, təhsil işçiləri, şəhərin "N" saylı hərbi hissəsinin zabit və əsgər heyəti, məktəblilər və ictimaiyyətin nümatəndələri qatılıblar.

Əvvəlcə iştirakçılar Milli Qəhrəmanın büstünün qarşısına çiçək dəstələri düzərək xatirəsini yad ediblər. Mərasimi Ləj kənd tam orta məktəbinin direktoru İlkin Yaqubov açaraq Milli qəhrəmanın həyat və döyüş yolundan danışaraq onun göstərdiyi şücaətlərdən və qəhrəmancasına şəhid olmasından bəhs edib.

Sonra Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vüsal Nəsirli çıxış edərək torpaqlarımızın müstəqilliyi uğrunda fədakarcasına vuruşub şəhid olmuş həmvətənlərimizin xatirəsinin xalqımız tərəfindən daim əziz tutulduğunu vurğulamaqla, şəhid ailələrinə göstərilən yüksək dövlət qayğısından danışıb.

Tədbirdə iştirak edən məktəblilər qəhrəmanlıq mövzusunda şeirlər ifa ediblər.

Daha sonra Milli qəhrəmanın məzunu olduğu Ləj kənd tam orta məktəbinin müəllimi Akif Xalıqov çıxış edərək Ə.Əliyevlə bağlı xatirələrini danışmış, hələ azyaşlı olarkən onda cəsurluq və mərdlik xüsusiyyətlərinin olduğunu bildirib.

S.Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə