Təhsil naziri gənclərlə görüşüb

Təhsil naziri gənclərlə görüşüb

Bu gün Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin Ofisində təhsil naziri Misir Mərdanovla Gənclər Birliyinin aktiv üzvləri arasında görüş keçirilib. SİA-nın verdiyi məlumata görə, Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri Seymur Orucov Birlikdə gənclərin sayının getdikcə artdığını bildirib.

Onun sözlərinə görə, artıq Gənclər Birliyinin 220 min üzvü var: "Bu il təşkil olunmuş "Yay məktəbləri"ndə iştirak edən gənclərin 50%-i məhz regionlar üzrə olan gənc aktivlərdir. Həmçinin Birliyin gəncləri bir çox ölkələrinin gənclərilə əlaqə yaradırlar, beynəlxalq təşkilatların təşkil etdiyi tədbirlərdə iştirak edirlər".

Tədbirdə iştirakçılar İKT ilə bağlı hazırlanmış yeni layihələrlə tanış olublar. Bildirilib ki, layihənin təşkil olunmasında əsas məqsəd regionlarda İKT sahəsinin inkişaf etdirilməsi və dəstəklənməsi, region məktəblərinə verilən tetekommunikasiya avadanlıqlarından düzgün istifadənin təmin edilməsi olub. Həmçinin "Gənc sahibkarlar üçün əl kitabçaları"-nin hazırlanması barəsində də məlumat verilib. Bu kitabçaların regionlarda geniş yayılacağı nəzərdə tutulduğu və gənc sahibkarların daha böyük uğurlar qazanmasında yardımçı vasitə olacağı qeyd olunub.

Hazırda Azərbaycan cəmiyyətinin qazandığı naqliyyətlərin Yeni Azərbaycan Partiyasının adı ilə bağlı olduğunu deyən nazir Misir Mərdanov bildirib ki, bu gün ölkənin yüksək səviyyədə, müsbət istiqamətdə inkişaf etməsi məhz hakim partiyanın düzgün siyasətinin nəticəsidir: "Təbii ki, ölkənin tərəqqisində gənclərin də özünəməxsus rolu var. Dünyada insan resursundan başqa digər bütün nemətlər tükənir. Tükənməyən insan resursundan isə mükəmməl şəkildə istifadə etmək lazımdır. Bundan sonra da gənclər Azərbaycan Respublikasının inkişaf etməsi yolunda bir sıra təşəbbüslər göstərməlidir".

Nazir dövlətin gənclərə göstərdiyi diqqət və qayğıdan danışaraq, hər il 5 min gəncin dövlət hesabına xaricdə təhsil aldığını və bunun üçün dövlət büdcəsindən hər il 20 milyon manat vəsaitin ayrıldığını vurğulayıb.

Tədbirdə Birliyin fəal üzvlərinin və facebook sosial şəbəkəsi vasitəsilə gənclərin təhsillə bağlı suallarının cavablandırılması ilə yekunlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə