Gözlənilən açılış!

Bakıda dördulduzlu "Divan Express Baku" oteli istifadəyə verilib. SİA-nın məlumatına görə, memarlıq həlli ilə diqqəti cəlb edən, Türkiyənin məşhur markası "Divan group"a daxil olan "Divan Express Baku" oteli fərdi üslubu, yüksək keyfiyyəti və çoxsaylı xidmət növü ilə fərqlənir.

Bakıda beynəlxalq səviyyəli bu cür otellərin tikilməsi ölkəmizdə turizmin inkişafının istər yerli, istərsə də xarici şirkətlər üçün yaradılan əlverişli investisiya mühitinin bariz göstəricisidir. Bu, həm də dünyanın inkişaf etmiş ölkələri sırasında yerini möhkəmləndirən Azərbaycanda otel biznesinin genişləndirilməsinə və keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına böyük imkanlar açır.

Müasir dizaynı ilə seçilən bu kompleksdə beynəlxalq və milli memarlıq üslubu peşəkarlıqla uzlaşdırılıb.

Avanqard və klassik arxitektura üslublarının sintezi əsasında inşa edilmiş binanın interyerinin tərtibatında xaricdə hazırlanan mebel və aksessuarlardan istifadə olunub.

Tikintisinə 2010-cu ildə başlanılan oteldə otaqların layihələndirilməsi və tərtibatı zamanı Azərbaycanın təbiəti, memarlıq abidələri, eləcə də Xəzər dənizinin elementləri öz əksini tapıb. Oteldə yüksək kateqoriyalı 62 geniş otaq, eləcə də fitnes-SPA mərkəzi, bar, sauna, buxar, türk hamamları ən müasir standartlara cavab verən texnologiya quraşdırılıb.

Nömrələrdə qonaqların yüksək səviyyədə istirahəti üçün hər cür şərait yaradılıb. Bütün otaqlar rəqəmli seyf, mini bar, havalandırma sistemləri, peyk televiziya və beynəlxalq telefon xətləri, simsiz internetlə təchiz edilib. Otelin iclas zalı bütün lazımi texniki avadanlıqla təchiz olunub. Zalda konfransların, iclasların, seminarların, təqdimat mərasimlərinin keçirilməsi nəzərdə tutulur.

"Divan Express Baku" idman mərkəzində təlim-məşqlərin keçirilməsi mümkündür. Böyük tədbirlərin, sərgilərin və digər mərasimlərin keçirilməsi üçün hər cür şəraitin yaradıldığı otelin restoranlarında qonaqlar Azərbaycan və dünya mətbəxinin ləziz təamlarını dada biləcəklər.

Qeyd edək ki, açılış mərasimində rəsmi şəxslər və incəsənət nümayəndələri də iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə