Onların da qayğıya ehtiyacı var

Qoca ağacların meyvəsi daha dadlı olur deyirlər. Elə insanlar da ağaca bənzəyir. Doğulur, böyüyür, bar verir və həyatla vidalaşır. Onsuzda hər birimiz nə vaxtsa köçüb gedəcəyik bu həyatdan. Yaşadığımız müddətdə qayğıya möhtac olanları yada salmaq, onları bir-neçə saat olsa da sevindirmək hər birimizin borcudur.

Universitet tələbələri Bilgəhdəki əmək və müharibə veteranları üçün pansionata baş çəkiblər. Burada veteranlarla birgə ailələri tərəfindən buraya atılan qocalar da qalır. Tələbələr qocaları ziyarət edərək onlara ehtiyyaclarını az da olsa ödəyən müxtəlif hədiyyələr gətiriblər. Ən çox sevgi və qayğıya ehtiyac duyan dövrdə onları yada salmağımız ahılları çox sevindirib.

Onların bir problemi var

... Pansionatda qalan qocalarla söhbət etdim. Çoxdandır ki, onları burada qocalarla birgə əlillərin və xəstə insanların qalması narahat edir. Onlar istəyirlər ki, yaşadıqları yerdə təkcə yaşlı insanlar qalsın. Elə biz söhbət edərkən "Qocalar evi"nin direktoru Bəhruz Əlmədətov qarşıdakı hələ tam hazır olmayan binanı göstərərək ilin axırınadək həmin binanın qocaların ixtiyarına veriləcəyini söylədi. Onlar da çoxdandır səbrsizliklə yeni tikiləcək binanlı gözlədiklərini dedilər.

Pansionatın otaqlarını gəzirəm. Kimisi yemək yeyir, kimisi televizora baxır. Bir otaqda isə kitab oxuyan bir yaşlı diqqətimi cəlb etdi. Lakin onu kitabından ayırıb bir-neçə kəlmə də olsun danışdıra bilmədim. Hansı yaşlı ilə söhbət edirsən "övladım yoxdur" deyir. Təbii ki, onların burada olmağına səbəbkar olan insanlara kim ağızdolusu övladım deyər?!

Nahar vaxtı çatanda hamı yeməkxanaya yığışdı. Yemək yeyəndən sonra hərə öz otağına çəkildi. Bəlkə də ürəklərinin dərinliyində hələ də kimisə gözləmək üçün.

Beləcə bir-neçə saatdan sonra ayrılmaq zamanı gəlir. Üzlərindən hiss olunur ki, bizim gəlişimizə çox seviniblər. Xatirə şəkli çəkdirərək vidalaşırıq...

Xanım Nağıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə