Türk dünyası Tovuzda

Azərbaycanda səfərdə olan Türk dövlətlərindən və cəmiyyətlərindən gəlmiş jurnalist, yazar və yeni nəsil siyasi icmalçıları millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayevanın və Dünya Gənc Türk Yazarlar Birliyinin sədri Əkbər Qoşalının müşayiəti ilə Tovuzda ilk öncə Şəhidlər Xiyabanını ziyarət ediblər. SİA-nın məlumatına görə, millət vəkili Qənirə Paşayeva qonaqlara Tovuz rayonunun ən çox şəhid verən rayonlardan olduğunu deyib: "Torpaqlarımızın müdafiəsi uğrunda Tovuz rayonundan olan 400 qəhrəman oğlumuz şəhid olub və biz hər zaman onların və bütün şəhidlərimizin ruhu qarşısında baş əyirik!".

Türk dövlətlərindən və cəmiyyətlərindən gəlmiş qonaqlar Tovuz şəhərində Heydər Əliyev muzeyini də ziyarət edib, Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən sənədlər və ekspozisiya ilə tanış olublar.

Tovuz rayonunun icra başçısı Tofiq Zeynalov və millət vəkili Q.Paşayeva ilə görüşdə qonaqlara Ermənistanla ön cəbhədə yerləşən Tovuz rayonunun tarixi, bu günü ilə bağlı ətraflı məlumatlar verilib və suallar cavablandırılıb. Qonaqlara Ermənistan Silahlı Qüvvələrinin mütəmadi şəkildə atəşkəsi pozaraq sivil insanları xüsusilə qadınları, uşaqları, yaşlıları, öz həyətində, əkin sahəsində işləyən insanları snayperlərlə hədəfə alması kimi vandalizm aktları barədə də məlumat verilib.

Sonra türk rəsmiləri Tovuz qalasını ziyarət ediblər. Burada onlara Tovuz rayonunun tarixi barədə geniş məlumat verilib və eyni zamanda Azərbaycanın son 200 ildə tarixini özündə əks etdirən xəritələrlə tanış olublar. Qonaqlar habelə Qafqazın ən qədim şəhər yaşayış məskəni hesab olunan Göytəpədə də olublar. Qonaqlara məlumat verilib ki, 8 minillik tarixə malik Göytəpə yaşayış məskənində Azərbaycan Prezidenti cənab İlham Əliyevin dəstəyi ilə muzey qurulmasına başlanılıb.

Qeyd edək ki, daha sonra rəsmilər rayonda fəaliyyət göstərən Aşıq Muzeyinə baş çəkiblər. Burada onlara Azərbaycanın qədim xalq yaradıcılığı olan aşıq mədəniyyəti haqqında geniş məlumat verilib və milli musiqi alətimiz olan saz hədiyyə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə