Xarici media nümayəndələri cəbhə bölgəsində

Xarici media nümayəndələri cəbhə bölgəsində

Türk dünyasının 12 bölgəsini təmsil edən 17 jurnalist cəbhə xəttində olublar. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, bu gün xarici media nümayəndələri Dünya Gənc Türk Yazarlar Birliyinin təşkilatçılığı ilə keçirilən "Gəldik, gördük, yazdıq" layihəsi çərçivəsində Ağdam rayonuna gəliblər. Qonaqlar əvvəlcə Ağdam rayonununda "Şəhidlər" abidə kompleksini ziyarət edib. Burada Gənc yazarlara Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Ermənistanın Azərbaycana hərbi təcavüzü barədə məlumat verilib. Bildirilib ki, Ermənistan silahlı qüvvələri tərəfindən 1993-cü ildə Ağdam rayonunun 77 faizi - Ağdam şəhəri, bir qəsəbə və 82 kənd işğal edilərək dağıdılıb. Rayonun 180 min əhalisindən 143 mini məcburi köçkün kimi respublikanın 62 rayon və şəhərində məskunlaşıb. Ağdam rayonunun işğal edilməmiş ərazisində məcburi köçkünlər üçün 17 qəsəbə salınıb. Hazırda rayon ərazisində 90 min əhali yaşayır ki, onun 55 mini məcburi köçkünlərdir. Məcburi köçkünlərin ən böyük arzuları doğma yurd-yuvalarına qayıtmaqdır.

Qeyd edək ki, layihənin əsas məqsədi Azərbaycanın müasir durumu, Dağlıq Qarabağ problemi, cəbhəyanı ərazilərdə yaşayan soydaşlarımızın həyatı ilə daha yaxından tanış olmaq, münaqişə ilə bağlı həqiqətləri işıqlandırmaqdır.

Qonaqlar Ağdam rayonunun cəbhə xəttində yerləşən Orta Qərvənd kəndində də olublar. Onlar ötən il martın 8-də erməni snayperi tərəfindən qətlə yetirilən 9 yaşlı Fariz Bədəlovun ailə üzvləri ilə görüşüblər. Media nümayəndələri istinad divarındakı qapıdan işğal altında olan kəndlərimizi də müşahidə ediblər.

Günün ikinci yarısı qonaqlar Tərtər rayonunun düşmənlə təmas xəttinin yaxınlığında yerləşən Qapanlı kəndində olublar. Onları müşayiət edən Tərtər rayon icra hakimiyyətinin başçısının müavini Ramiz Şabanov işğalçı Ermənistan ordusunun Qapanlı kəndini daim atəş altında saxladığını və yaxın kəndlərdə dinc əhalinin yaşadığı problemlərdən danışıb.

Sonda, qonaqlar Dağlıq Qarabağ məsələsinin təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının ortaq problemi olduğunu dilə gətiriblər. Gənc Türk Yazarlar Birliyinin başladığı layihənin gələcəkdə də davam etdiriləcəyi bildirilib.

Şamxal Cəliloğlu

Bütün xəbərlər Facebook səhifəmizdə