Dövlət Bayrağı günü Lənkəran şəhərində təntənəli surətdə qeyd edilib. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, bu münasibətlə Şəhərin Bayraq meydanına minlərlə lənkəranlı toplaşıb.
Hər tərəfi üçrəngli bayrağımızla bəzədilmiş meydanda gənc rəssamların vətənpərvərlik mövzunda çəkdikləri rəsmlərdən ibarət sərgi təşkil olunub. Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşıov, İcra başçısının müavinləri, hüquq-mühafizə orqanlarının rəhbərləri Bayraq meydanına gələrək bayram şənliyinə qatılıblar.
N.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının aktyoru, Xalq artisti Qabil Quliyev Azərbaycan dövlətçiliyinin önəmli rəmzlərindən olan üç rəngli bayrağımızın tarixi haqqında geniş məlumat verib. Bildirib ki, Azərbaycan Respublikasının Dövlət bayrağı ilk dəfə rəsmi surətdə 1918-ci il noyabrın 9-da qəbul edilib. Bunu nəzərə alaraq, o cümlədən Azərbaycan Respublikasının dövlət rəmzlərinə hörmət və ehtiramı təmin etmək məqsədilə Prezident İlham Əliyev 2009-cu il noyabrın 17-də "Azərbaycan Respublikasının Dövlət bayrağı gününün təsis edilməsi haqqında" sərəncam imzalayıb. Bu sərəncamla hər il noyabr ayının 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd edilir.Həmçinin Bakı şəhərində ucaldılan Dövlət bayrağımız möhtəşəmliyi ilə "Ginnesin rekordları" kitabına düşüb. Ümummilli lider Heydər Əliyevin azərbaycançılıq - vətənpərvərlik ideyalarına sadiqliyin,Bayrağın şərəfini hər yerdə qorumağın, dünya arenalarında onun ən yüksək zirvələrdə dalğalanmasının vacibliyini vurğulyan Q.Quliyev bayram tədbirində vətənin bütövlüyü uğrunda canlarını fəda edənlərin xatirəsinin daim əziz tutulduğu qeyd edib.
Mərasimdə Lənkəran Teatrının aktyorlarının ifasında tariximizi, milli dəyərlərimizi özündə ehtiva edən ədəbi-bədii kompozisiya göstərilib. Tədbirdə həmçinin ayrı-ayrı solistlərin ifasında vətənpərvərliyi tərənnüm edən mahnılar, şeirlər səsləndirilib.
S.Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB