Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə Həştərxan şəhərinin yuxarı sinif şagirdləri arasında inşa yazı müsabiqəsinə başlanılıb
Xəbər verdiyimiz kimi, Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) sədri Leyla xanım Əliyeva sentyabrın 12-də Rusiya Federasiyasının Həştərxan şəhərində Heydər Əliyev adına 11 nömrəli orta məktəbdə RAGT-nin Həştərxan bölməsinin üzvləri ilə görüşüb.
Leyla xanım Əliyeva görüşdə çıxış edərək bildirib ki, RAGT- nin Həştərxan bölməsi ən fəal regional bölmələrdən biridir. RAGT Həştərxanda çoxlu sayda layihə, o cümlədən təhsil sahəsində layihələr həyata keçirir. Leyla xanım Əliyeva çıxışında Həştərxan şəhərinin ümumtəhsil müəssisələrinin yuxarı sinif şagirdləri arasında "Təbiəti mühafizə" mövzusunda müsabiqə keçirilməsini təklif edib.
Səfər çərçivəsində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin ilə görüşdə Heydər Əliyev Fondunun təşəbbüsü ilə Azərbaycanda IDEA (International Dialogue for Environmental Action) Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq Kampaniyasının başlandığını, ötən dövr ərzində bu kampaniya çərçivəsində çoxlu maraqlı layihələrin həyata keçirildiyini, təxminən 60 min ağac əkildiyini, konfranslar, seminarlar təşkil edildiyini diqqətə çatdırıb. O, həmçinin bildirib ki, Heydər Əliyev Fondunun Rusiya Nümayəndəliyi ətraf mühitin mühafizəsinə dair IDEA layihəsini Həştərxan şəhərində həyata keçirməyi planlaşdırır.
Leyla xanım Əliyevanın Həştərxan məktəbliləri arasında "Təbiəti mühafizə" mövzusunda inşa yazı müsabiqəsinin keçirilməsi təklifi qubernator tərəfindən razılıqla qarşılanıb.
AzərTAc xəbər verir ki, Heydər Əliyev Fondunun, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının və Həştərxan Vilayət Administrasiyasının birgə təşkilatçılığı ilə artıq Həştərxan şəhər məktəblərinin IX, X və XI sinif şagirdləri arasında "Təbiəti mühafizə" mövzusunda inşa yazı müsabiqəsinə başlanılıb.
Noyabr-dekabr aylarını əhatə edəcək müsabiqəyə 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günündə yekun vurulacaqdır.
Qaliblər fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB