Mətbuat Şurasında rəssamla görüş keçirilib

Mətbuat Şurasında rəssamla görüş keçirilib

Bu gün Azərbaycan Mətbuat Şurasında Şuranın İdarə Heyətinin üzvlərinin heykəltəraş-rəssam, Xaçmaz Rəsm Qalereyasının direktoru Ədalət Elmanla (Pirverdiyev) görüşü keçirilib. Şuradan SİA-ya verilən məlumata görə, MŞ-in sədri Əflatun Amaşov bildirib ki, özünəməxsus yaradıcılıq xüsusiyyətləri ilə seçilən Ə.Elmanın fəaliyyət çalarlarında Azərbaycan mətbuatının ənənələri də özünü göstərməkdədir. Şura sədri bu mənada rəssamın milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin çay daşı üzərində yaratdığı rəsminə diqqət çəkib.

Əl işi ilə tanış olan MŞ İdarə Heyətinin üzvləri onu nadir və ecazkar sənət nümunəsi kimi dəyərləndiriblər. Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli sənətkarın Mətbuat Şurasına töhfəsindən məmnunluğunu ifadə edib.

Eyni fikri bölüşən MŞ sədrinin müavini Umud Rəhimoğlu sənətkarın məhz Həsən bəy Zərdabini canlandırmaq bacarığından daha böyükmiqyaslı media tədbirlərində də istifadənin vacibliyini önə çəkib. Ə.Elman kimi şəxslərin yaradıcılığına hər zaman böyük ehtiyacın duyulduğunu deyib.

"Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı Ə.Elmanın məhz milli ideologiyamızın formalaşmasında müstəsna xidmətləri olan Həsən bəy Zərdabiyə müraciətini xüsusi məqam kimi vurğulayıb.

Qeyd edək ki, görüşdə Ə.Elmana təsviri sənət nümunələrində Azərbaycanın mətbuat ənənələrini yüksək peşəkarlıqla canlandırdığına görə Mətbuat Şurasının diplomu təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə