ASAIF nümayəndələri Fransada

Fransanın cənubunda yerləşən qədim Monpelye şəhərində "Ərazilərin müxtəlif üsullarla inkişafı" mövzusunda konqres öz işinə başladı. ASAIF-dən SİA-ya verilən məlumata görə, tədbirin məqsədi şəhər əhalisinin rahat və alternativ üsullarla hərəkəti, şəhər mərkəzlərinin sosial, ekonomik vəziyyəti, şəhərlərin şəhərətrafı ərazilərlə əlaqəsi və digər məsələlər ətrafında təcrübə mübadiləsi etmək idi.

Fransa parlamentinin deputatları ilə yanaşı böyük şəhər merləri və şəhər aqlomerasiyalarının prezidentləri digər rəsmi qonaqlar birlikdə "Şəhərlərin davamlı və ekoloji inkişaf strategiyası" mövzusunda debatlarda çıxış etdilər. ASAIF (Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumu) tədbirdə Monpelye Universitetinin "Memarlıq və Şəhərsalma" ixtisası magistrantı Tural Əliyev tərəfindən təmsil olundu.

Tədbir çərçivəsində Monpelye şəhərinin meri xanım Mandru və Herault departamentinin prezidenti Vezinetə Azərbaycan və azərbaycanlı gənclər təşkilatı olan ASAIF, görülən işlər və Fransada təhsil alan Azərbaycanlı gənclərin fəaliyyəti barədə məlumat verildi.

Qeyd edək ki, tədbirdə eyni zamanda Fransa Senatın Prezidenti, ərazilər və yaşayış binaları naziri, dövlət reformalar və ictimai işlər naziri və digər rəsmi şəxslər iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə