“Aztelekom”dan regionlar üçün genişzolaqlı internet

“Aztelekom”dan regionlar üçün genişzolaqlı internet

"Bakı Ekspo" mərkəzində Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin, eləcə də Birləşmiş Millətlər Təşkilatı (BMT), Beynəlxalq Telekommunikasiya İttifaqı (ITU) və Rabitə sahəsində Regional Birlik kimi bir sıra beynəlxalq təşkilatların dəstəyi ilə keçirilən Xəzər və Qafqaz regionlarında telekommunikasiya və informasiya texnologiyalarına həsr olunmuş ən böyük sərgi - "BakuTel-2012" sərgisi öz işinə davam edir.

Bu il "BakuTel" sərgisində aparıcı yerli və xarici İT şirkətləri, mobil operatorlar, distribütorlar, rabitə operatorları və xidmət şirkətləri iştirak edirlər. Ziyarətçiləri yaxın gələcəkdə bu sahədə öz tətbiqini tapacaq yeni İT məhsulları və xidmətlərinin təqdimat mərasimləri gözləyir. Buna İKT sahəsində yeniliklər, proqram təminatları və peyk rabitəsi üçün xidmətlər, habelə teleradio yayımı üçün avadanlıqlar və digər xidmətlər daxildir. "BakuTel-2012" sərgisi əvvəlki sərgilərdən aktiv innovasiyalı məzmunu ilə fərqlənir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva sərgi ilə tanışlıq zamanı baş çəkdikləri stendlərdən biri də "Aztelekom" İstehsalat Birliyinə məxsus stend idi. Stenddə dövlət başçısına telekommunikasiya və genişzolaqlı internetin inkişafı layihəsi barədə məlumat verildi. Qeyd edildi ki, 2013-2015-ci illəri əhatə edən bu layihə gələcəkdə ölkə üzrə bütün yaşayış məntəqələrinin fiber-optik kabel şəbəkəsi ilə təmin olunmasını, əhali arasında elektron xidmətlərdən istifadənin genişləndirilməsini nəzərdə tutur.

"Aztelekom" İstehsalat Birliyi 1992-ci ildə Azərbaycan Respublikasının Prezidentinin 02 iyul 1992-ci il tarixli 13 saylı sərəncamına müvafiq olaraq Azərbaycan Respublikasının Rabitə Nazirliyinin 09 sentyabr 1992-ci il tarixli 107 saylı əmri ilə 1992-ci ildə fəaliyyət göstərən Telefon Rabitəsi İstehsalat Birliyinin bölünməsi nəticəsində təsis edilmişdir. "Aztelekom" İstehsalat Birliyi öz tabeliyində Beynəlxalq Avtomat Telefon Stansiyası (BATS), Kabel Magistrallarının Texniki qovşağı (KMTQ) və 57 yerli Telekommunukasiya müəssisəsini (Gəncə Telekommunukasiya İdarəsi, Sumqayıt, Mingəçevir, Şirvan və Naftalan şəhər, həmçinin 52 rayon Telekommunukasiya Qovşağı) birləşdirir.

"Aztelekom" İstehsalat Birliyi şəbəkəsində rəqəmsal uçurumun aradan qaldırılması istiqamətində aparılan islahatların ilki -"Elektron Azərbaycan" layihəsinin kiçik modeli kimi "Elektron Şamaxı" pilot layihəsi uğurla həyata keçirilib, MDB olkələri arasında birinci olaraq 2008-ci ildə Azərbaycanda ölkənin bütün yaşayış məntəqələrinin tam telefonlaşdırılması başa çatdırılıb, Respublikanın rabitə şəbəkəsinin əsasını təşkil edən kommutasiya avadanlıqlarının yeni elektron avadanlıqlarla əvəz olunması başa çatdırılıb. Regionlarda ADSL, SHDSL və digər müasir texnologiyalardan istifadə etməklə ayrılmış və kommutasiya olunan kanal vasitəsilə yüksək keyfiyyətli və sürətli internetə qoşulma təmin edilməsi üçün davamlı tədbirlər görülür.

2012-ci ilin sonuna qədər isə "Aztelekom" İstehsalat Birliyi genişzolaqlı internetə olan tələbatın ən ucqar yaşayış məntəqəsində belə ödənilməsini təmin edəcəkdir.

2011-2012-ci illərdə kənd EATS-lərinin birləşdirici optik kabellərinin tikintisi davam etdirildi. 2012-ci ilin əvvəlindən artıq 1800 km müxtəlif tutumlu optik kabellər çəkilərək istismara verilmişdir. Genişzolaqlı internet xidmətləri üçün alternativ durumun yaranması özəl operatorların da regionlara axınını təmin etdi. Belə ki, hal-hazırda regionlarda 19 internet provayder bu xidmətləri göstərir və bu provayderlərin sayı artmaqdadır.

2013-2015-ci illərdə regionlarda genişzolaqlı internet xidmətlərinin artırılması üzrə layihələr hazırlanır. Bu layihələrdə alternativ magistral optik kabellərin tikintisi, DWDM üzərindən yüksək sürətli İP-MPLS şəbəkəsinin qurulması planlaşdırılır. Transmissiya şəbəkəsində özəl provayderlərə də yüksək sürətli internetin daşınması üçün şərait yaradılacaqdır.

Bölgələrdə internetin inkişafı konsepsiyasına uyğun olaraq həyata keçirilən böyük layihələrin nəticəsi onu deməyə əsasa verir ki, yaxın vaxtlarda bütün abunəçilərin qlobal şəbəkəyə çıxış imkanı təmin olunacaq. Bu da Azərbaycanın nəinki MDB məkanında hətta dünyada lider ölkəyə çevirilməsinə şərait yaradacaq.

Regionlarda sürətli internet şəbəkəsinin genişləndirilməsi istiqamətində həyata keçirilən layihədə "Aztelekom" İstehsalat Birliyi ilə birlikdə iştirak edən özəl internet provayderləri də "BakuTel-2012" sərgisində, "Aztelekom" İstehsalat Birliyinin himayəsi ilə təşkil olunmuş xüsusi stenddə, təmsil olunurlar. "Data Plus", "Samart System Texnology", "Q-Telekom", "Qlobal Netvorks", "Azedunet" kimi şirkətlərin təmsilçiləri "Aztelekom" İstehsalat Birliyi ilə birgə layihələri və təmsil etdikləri şirkət haqqında həvəslə danışdilar:

"Q-telekom" şirkətinin təsisçisi Ramiq Mustafa - Şirkətimiz əsasən, Mingəçevir, Ağcabədi, Neftçala, Xaçmaz, Qusar və Sabirabad rayonlarında fəaliyyət göstərir, "Aztelekom" İstehsalat Birliyi tərəfindən bütün bölgələrdə işləyə bilməyimiz üçün hər cür şərait yaradılıb.

"Azedunet" şirkətinin marketiq meneceri Elmira Abasova - Şirkətimiz Naxçıvan MR istisna olmaqla ölkə ərazisində 1800 məktəbə genişzolaqlı internet xidməti göstərir. "Aztelekom" İstehsalat Birliyi ilə birgə əməkdaşlıq regionlarda fəaliyyətimizə əlavə stimul yaradır.

"Smart System Texnology" şirkətinin müştərilərlə iş üzrə müneceri Cavid Cavadov - Regionlarda 7500 nəfərdən artıq istifadəçimiz vardır, "Aztelekom" İstehsalat Birliyi ilə birgə layihənin iştirakçısı olmağımız fəaliyyətimizə əlavə stimul verir.

"Data +" şirkətinin direktoru Etibar Bağırov - şirkətimiz bütün bölgələrdə, 53 şəhər və rayon mərkəzində və həmçinin, 60-dan artıq kənd və qəsəbədə xidmət göstərir.

"Qlobal Netvorks" MMC-nin rəhbəri Gulnara Eyvazova - şirkətimiz artıq 20 rayonda avadanlıq quraşdırıb və müştərilərə genişzolaqlı İnternet xidməti göstərilir (Sumqayıt, Gəncə, Şəki, Mingəçevir, Masallı, Lənkaran, Yardimlı, Tovuz, Qazax və s). Daha 10-15 rayonda avadanlığın quraşdırılması nəzərdə tutulub. Birgə layihədə daha fəal iştrak etməyimiz planlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə