Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) "Jurnalistlər" və "Ekologiya" işçi qrupları öz profillərinə uyğun fəaliyyətlərini davam etdirirlər. ATGTİ-dən SİA-ya verilən məlumata görə, hər ilin 6 noyabr tarixində ölkəmizdə qeyd olunan Radio və Televiziya işçilərinin peşə bayramı ATGTİ-nin qərargahında da qeyd edilib. İttifaqın "Jurnalistlər" işçi qrupunun bu bayramla bağlı keçirdiyi tədbirdə Milli Radio və Televiziyanın yaranmasını və hazırkı fəaliyyəti haqda danışılmış, gənclər üçün ölkəmizdə radio və televiziyanın yaranmasından bəhs edən "Danışır Bakı" sujeti nümayiş etdirilib. Tədbirə dəvət olunmuş qonaqlar - İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım şöbəsinin müdürü Cahangir Məmmədli və "Azad Azərbaycan" radiosunun direktoru Teymur Əliyev gənclərə ölkəmizin radio və televiziyasının qısa tarixçəsi, bu gün geniş inkişaf yolunda olan yeni media haqqında məlumat veriblər.
Həmin gün ATGTİ-nin "Ekologiya" işi qrupu isə "Alternativ və bərpa olunan enerji mənbələri" mövzusu üzrə seminar təşkil edib. Seminara dəvət olunan Ətraf Mühitin Muhafizəsi üzrə Beynəlxalq Dialoq Kampaniyasının (İDEA) nümayəndəsi Surxay Novruzov gənclərə alternativ enerji mənbələri və onlardan istifadə qaydalarını özündə əks etdirən videoçarxlar nümayiş etdirib və bu sahənin ölkəmizdəki inkişafı haqda təqdimat keçirib. Sonda gənclər ATGTİ adından bütün radio və televiziya işçilərini təbrik ediblər.
Qeyd edək ki, bu gün ATGTİ müxtəlif ixtisaslar üzrə (ekologiya, jurnalistika, beynəlxalq əlaqələr, tarix, rəssamlıq və s.) təhsil alan gəncləri özündə birləşdirən və onların birgə fəaliyyətlərinə imkan yaradan böyük təşkilatlardan biridir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB