Lənkəranda regional video-konfrans keçirilib

Lənkəranda regional video-konfrans keçirilib

Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) təşkilatçılığı və PAŞA Bank-ın dəstəyi ilə Lənkəran şəhərində yerləşən Heydər Əliyev Mərkəzində səhmdar cəmiyyətlərində korporativ idarəetmənin və hesabatlıq sisteminin effektivliyinin artırılmasına dair regional video-konfrans keçirildi. SİA-nın verdiyi məlumata görə, tədbiri giriş sözü ilə açan QKDK-nın sədr müavini İlqar Muradov Bakı şəhərindən konfrans iştirakçılarını salamlayaraq tədbirin "2011-2020-ci illərdə Azərbaycan Respublikasında Qiymətli Kağızlar Bazarının İnkişafı" Dövlət Proqramında nəzərdə tutulmuş qiymətli kağızlar bazarına dair məlumatlılığın və peşəkar hazırlığın yüksəldilməsi istiqamətində həyata keçirildiyini bildirib.

Sədr müavini konfransın regionda fəaliyyət göstərən səhmdar cəmiyyətlərində korporativ idarəetmənin tətbiqinin, maliyyə hesabatlıq sisteminin qanunvericiliyin tələblərinə uyğun şəkildə qurulmasında və səhmdarların hüquqlarının effektiv qorunmasının təmin edilməsində mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib. Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının sosial-iqtisadi məsələlər üzrə müavini İlkin Rəhimov çıxış edərək konfrans iştirakçılarına İcra başçısı Taleh Qaraşovun təbrikini çatdırıb son illər Lənkəranda Regionların sosial iqtisadi inkişafı Dövlət Proqramlarının yerinə yetirlməsinin vəziyyətinə toxunub.

QKDK-nın hüquq şöbəsinin müdiri Kamran Babayev çıxışışında səhmdar cəmiyyətlərin hesabatlığına dair milli qanunvericilik tələbləri və bu istiqamətdə komitə tərəfindən beynəlxalq təşkilatlarla birgə hazırlanan yeni qanunvericilik təşəbbüsləri barədə məlumat verib.

Daha sonra QKDK-nın Aparatının rəhbəri Bəxtiyar Əzizov Azərbaycan qiymətli kağızlar bazarının mövcud vəziyyəti, inkişaf meylləri barədə konfrans iştirakçılarına ətraflı məlumat verdi. Bundan sonra B.Əzizov tədbirdə iştirak edən Lənkəran şəhər Mərkəzi kitabxanasının və Lənkəran Dövlət Universitetinin nümayəndələrinə komitə tərəfindən nəşr edilmiş kitabları hədiyyə edərək, bu nəşrlərin regionda ictimaiyyətin və tələbələrin qiymətli kağızlar bazarı haqqında biliklərinin artırılmasında mühüm əhəmiyyəti olacağını vurğuladı. Tədbirdə həmçinin QKDK-nin şöbə müdirləri Elnur Allahverdiyev, Fərid Rəhimov, Aqşin Cahangirov, hüquqşünas Kamran Hüseynov, mətbuat sektorunun müdiri Çingiz Hüseynov, "Paşa Bank"ın nümayəndəsi Kəmalə Elitaşın mövzu ilə bağlı çıxışları dinlənilib.

Sonda tədbir iştirakçılarınndan "Masallı çay" ASC-nin sədri Cavanşir Əsədov, "Avrora çay" ASC-nin sədri Möhübbət Quliyev, "5 saylı çay fabriki" ASC-nin sədri Fərhad Quliyev, Lənkəran broyler fabrikinin direktoru Fəxrəddin Əliyev və başqalarını maraqlandıran suallar cavablandırılaraq, mövzu ətrafında ətraflı müzakirələr aparılıb.

Qeyd edək ki, QKDK-nın, PAŞA Bank-ın və yerli icra hakimiyyəti orqanları nümayəndələrinin iştirak etdiyi video-konfransa ümumilikdə Lənkəran şəhəri, Astara, Cəlilabad, Biləsuvar, Lerik, Masallı və Yardımlı rayonlarından 100-ə yaxın səhmdar cəmiyyətlərinin rəhbərləri qatılıblar.

S.Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə