Müdafiə haqda saziş imzalanıb

İtaliya Respublikasına rəsmi səfərə gedən Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyevin rəsmi qarşılanma mərasimi keçirilib. Müdafiə naziri general-polkovnik Səfər Əbiyevin İtaliya Respublikasının müdafiə naziri admiral Campaola Di Paola ilə əvvəlcə təkbətək, sonra isə geniş tərkibli görüşü olub. Müdafiə Nazirliyindən SİA-ya verilən məlumata görə, görüşdə Azərbaycanla İtaliya respublikaları arasındakı müxtəlif istiqamətli dostluq əlaqələri müzakirə olunub və hər iki nazir hərbi əməkdaşlıq məsələlərinin inkişafının vacibliyini önə çəkiblər.

20 ildir Azərbaycan torpaqlarının erməni işğalı altında olduğunu, nəticədə bir milyon insanın öz yurd-yuvasından qaçqın düşdüyünü və BMT Təhlükəsizlik Şurasının çıxardığı 4 qətnamənin həyata keçirilmədiyini diqqətə çatdıran nazir bildirib ki, münaqişənin sülh yolu ilə həll edilməsində ATƏT-in Minsk Qrupunun fəaliyyəti heç bir nəticə vermir. Ona görə də biz bu məsələnin üzərində ciddi düşünürük deyən, nazir S.Əbiyev qeyd edib ki, Azərbaycan öz ərazilərini işğaldan azad etmək üçün nə lazımdırsa edəcək.

Qeyd edək ki, görüşün sonunda İtaliya ilə Azərbaycan arasında müdafiə sahəsində əməkdaşlıq haqda saziş imzalanıb.

Bu gün isə nazir Səfər Əbiyev müdafiə sənayesi obyektlərinə baş çəkəcək, İtaliya istehsalı olan silah və texnika ilə tanış olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə