"Azəriqaz" İstehsalat Birliyində YAP-ın 20-ci ildönümü qeyd olundu

Bu gün ARDNŞ-in "Azəriqaz" İstehsalat Birliyində Yeni Azərbaycan Partiyasının yaranmasının 20-ci ildönümünə həsr olunmuş yığıncaq keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə çıxış edən "Azəriqaz" İB-in baş direktorun müavini Ziyad Cəlilov YAP-ın yarandığı dövrə nəzər salıb: "Respublikamızın ağır günlərində, ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycanın uzaqgörən, mütərəqqi insanlarının, ziyalıların təşəbbüsü və fəal iştirakı ilə 20 il əvvəl 1992-ci ilin noyabr ayının 21-də Naxçıvan şəhərində ümummilli lider Heydər Əliyevin sədrliyi ilə keçirilən təsis konfransında Yeni Azərbaycan Partiyasının yarandığı elan edildi. Bu partiya digər siyasi partiyalardan fərqli olaraq yarandığı gündən Azərbaycanın ictimai-siyasi həyatında mühüm rol oynadı, xalqımızda gələcəyə inam hissini gücləndirdi, insanları öz ətrafında birləşdirə bildi".

Z.Cəlilov qeyd edib ki, Yeni Azərbaycan Partiyası 20 il ərzində inkişafın bütün sahələrinə nüfuz edərək daha da təkmilləşib, öz sıralarını ildən ilə genişləndirib: "Ulu öndərin siyasi kursunun davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın dünya miqyasında tanınmasında, regionun lider dövlətə çevrilməsində Yeni Azərbaycan Partiyası da mühüm rol oynamışdır. Bu gün partiyanın sıralarında yüz minlərlə insanın birləşməsi xalqımızın bu partiyaya olan inamının ifadəsidir".

Məruzə ilə çıxış edən YAP "Azəriqaz" İB ərazi ilk partiya təşkilatının sədr müavini Cəlal Musayev bildirib ki, ciddi sınaqlardan çıxmış Yeni Azərbaycan Partiyası 20 il ərzində təşəkkül tapıb, inkişaf edib, möhkəmlənib, ildən-ilə öz sıralarını genişləndirərək xalqın partiyasına çevrilib: "YAP müxalifət partiyası kimi tarixi zərurətdən yaranıb. Bu partiya Azərbaycanın ictimai-siyasi həyatına qurucu partiya kimi daxil olmaqla fəaliyyətimizin bütün sahələrinə yeni ruh, yeni nəfəs gətirdi. Yarandığı gündən onun xalq arasında siyasi nüfuzu, siyasi gücü artdı, inkişafımızın bütün sahələrinə təsir etmək qabiliyyəti yüksəldi. Xalqın təkidli tələbi ilə 1993-cü ilin iyunun 15-də Heydər Əliyevin Azərbaycan Respublikasının Ali Sovetinin sədri, oktyabrın 3-də isə Azərbaycan respublikasının Prezidenti seçilməsindən sonra partiyanın həyatında yeni dövrun başlanğıcı qoyuldu".

C.Musayevin sözlərinə görə, yarandığı gündən YAP-ın ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən və uğurla tətbiq edilən əsas proqram məramı Azərbaycanın dövlət müstəqilliyinin qorunub möhkəmləndirilməsindən, ərazi bütövlüyünün təmin edilməsindən, demokratik, hüquqi, dünyəvi cəmiyyət qurulmasından, əmin-amanlıq, ictimai-siyasi sabitlik, milli həmrəylik, güclü və sosial yönümlü iqtyisadiyyat yaratmaqdan ibarət olub və hakim partiya bu 20 ildə öz proqram məqsədlərinə uyğun fəaliyyə göstərib: "Məhz buna görə də ümumxalq partiyasına çevirilən 600 minə yaxın üzvü olan YAP bu müddət ərzində ölkədə keçirilən prezident, parlament və bələdiyyə seçkilərində inamlı qələbələr qazana bilib."

Bildirildi ki, Dövlət Neft Şirkətinin digər strukturları kimi onun ayrılmaz hissəsi olan "Azəriqaz" İB-in kollektivi və ilk partiya təşkilatı respublikamızın qazandığı bu nailiyyətlərdən, uğurlardan ruhlanaraq öz işini daim təkmilləşdirmiş, qarşıda duran vəzifələrin vaxtında yerinə yetirilməsinə ciddi səy göstərmişdir. İB-in struktur təşkilatlarında onların əhatə olunduğu ərazilərdə, inzibati binalarda, müxtəlif iş yerlərində müasir tələblər səviyyəsində əsaslı yenidənqurma, tikinti və abadlıq işləri aparılmış, işçilərimizin sosial rifahı yaxşılaşdırılmış, iş şəraiti demək olar ki müasir tələblərə uyğunlaşdırılmış, kollektivin hər bir üzvünə göstərilən diqqət və qayğı ildən ilə artırılmışdır. Bütün bu nailiyyətlərin qazanılmasında idarəmizin Yeni Azərbaycan Partiyasının üzvləri fəal iştirak etmişlər.

Hazırda "Azəriqaz" İB-in bütün qaz istismar sahələrində və tabe təşkilatlarında YAP ərazi ilk partiya təşkilatları fəaliyyət göstərir. İlk partiya təşkilatları tərəfindən kollektivlərdə təbliğat və izahat işlərinin aparılmasına, müxtəlif tədbir və iməciliklərin keçirilməsinə, işçilərin ictimai-siyasi fəallığının artırılmasına, onların YAP sıralarına qəbul olunması və qəbul zamanı yüksək keyfiyyət göstəricilərinə daim diqqət yetirilir. Bu gün "Azəriqaz" İB ərazi ilk təşkilatı öz ətrafında 700 nəfərə yaxın YAP üzvünü birləşdirir ki, onun da 350 nəfəri son iki il yarımda partiyaya qəbul olunanlardır.

C.Musayev əlavə edib ki, Yeni Azərbaycan Partiyasının böyüklüyü, möhtəşəmliyi ondadır ki, bu partiya ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə yaranmış və fəaliyyət göstərmişdir: "Bu partiya ona görə möhtəşəmdir ki, 1991-ci ildə 91 nəfər ziyalının timsalında Azərbaycan xalqının tələbi ilə zərurətdən yaranan və ötən 20 il ərzində xalqın inamını doğruldan partiyadır. Bu partiya bir də ona görə möhtəşəm, böyük və qurucu partiyadır ki, bu partiyaya Heydər Əliyev siyasi kursunu ləyaqətlə həyata keçirən, Azərbaycanı dünya miqyasında tanıdan, onu regionun lider dövlətinə çevirən, gündən-günə inkişaf etdirən, öz vətəninə, xalqına, torpağına həmişə bağlı olan, onu sevən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev rəhbərlik edir. Ona görə bu partiyanın üzvü olan hər bir vətəndaş, bizim hər birimiz Yen Azərbaycan Partiyasının üzvü olaraq öz fəaliyyətimizdə, gündəlik işimizdə bu məsuliyyəti həmişə hiss etməli, partiyanın nizamnamə və proqramının tələblərinə ciddi riayət etməli, partiyanın nüfuzunu qorumalı, digərlərinə nümunə olmalıyıq".

Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə partiyanın yaranmasının 20-ci ildönümü münasibətilə tədbir iştirakçılarını təbrik etdi, onlara gələcək fəaliyyətlərində uğurlar arzuladı. Bildirdi ki, 20 ilin elə də böyük bir zaman kəsiyi olmasına baxmayaraq, YAP bu dövrdə zəngin və şərəfli yol keçib: "Ölkəmiz 1991-ci ildə müstəqillik əldə etsə də, müstəqilliyin atributlarından söhbət belə gedə bilməzdi. Respublikadakı siyasi və silahlı qruplaşmaların mübarizəsi vətəndaş müharibəsinə gətirib çıxarmışdı. Anarxiya, xaos hökm sürürdü, ölkə iqtisadi tənəzzül dövrünü yaşayırdı. Azərbaycan olum və ölüm dileması ilə üz-üzə qalmışdı. Yalnız ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra siyasi sabitlik yaradıldı, iqtisadi inkişafın təməli qoyuldu. Məhz 1994-cü ildə ümummilli liderin təşəbbüsü ilə imzalanan "Əsrin müqaviləsi" Azərbaycanın işıqlı gələcəyini təmin etdi".

Vüqar Rəhimzadə ulu öndərin hakimiyyəti dövründə həyata keçirilən digər islahatdardan da bəhs edib. Qeyd edib ki, 1995-ci ildə Konstitusiya Aktı qəbul olundu. Bununla da ölkənin mükəmməl qanunvericilik bazası yaradıldı. Onun sözlərinə görə, illər keçdikcə bir-birindən böyük uğurlar əldə edildi: "Ən əsası yeni neft strategiyasının uğurlu icrası nəticəsində Dövlət Neft Şirkəti SOCAR brendi ilə dünya bazarlarına daxil oldu. Bu gün SOCAR-ın dünyanın bir çox bölgələrində nümayəndəlikləri var. Şirkət qlobal eneji layihələrinin əsas iştirakçısı və təşəbbüskarıdır".

V.Rəhimzadə bu gün Azərbaycanın ulu öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla inkişaf etdiyini diqqətə çatdırıb: "Bildiyiniz kimi, qarşıdan prezident seçkiləri gəlir. Heç şübhəsiz ki, bu siyasi kampaniyada da xalqımız cənab İlham Əliyevin namizədliyini dəstəkləyəcək və Onu yenidən prezident seçəcək. Bununla da ölkəmiz hələ uzun illər dövlət başçısı İlham Əliyevin rəhbərliyi altında gələcəyə doğru inamla addımlayacaq".

Tədbirdə çıxış edən "Azəriqaz" İB üzrə gənclər təşkilatının sədri İlyas Bağıyev, YAP Layihə Konstruktor Bürosu ərazi ilk partiya təşkilatının sədri Xaliq Əsədov YAP-ın fəaliyyətindən bəhs etdilər. Sonda ulu öndər Heydər Əliyevin həyat və yaradıcılığı ilə bağlı qısametrajlı film nümayiş olundu.

Nail Rəhimzadə,

"İki sahil"

Bütün xəbərlər Facebook səhifəmizdə