"Dağlıq Qarabağ problemi, Xocalı soyqırımı təkcə Azərbaycan türklərinin deyil, bütün türk dünyasının problemidir. Çünki Xocalıda erməni silahlılarının öldürdükləri insanlar məhz türk olduqları üçün vəhşicəsinə qətlə yetirilmişlər". SİA-nın məlumatına görə, bu fikirləri millət vəkili, "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İB-nin sədri Qənirə Paşayeva Atatürk Mərkəzində keçirilmiş Türk dünyasının "Qarabağ:Türk dünyasının ortaq problemi" adlı beynəlxalq konfransda səsləndirib.
Türk coğrafiyasının müxtəlif ölkə və cəmiyyətlərin təmsil olunduğu tədbirdə millət vəkili Azərbaycana səfərə gəlmiş yazar və ziyalılara Dağlıq Qarabağ probleminin tarixi kökləri, çar Rusiyası dövründə ermənilərin türklərin tarixi torpaqlarına köçürülməsi siyasətindən bəhs etdi. "Bir türk xalqının, toplumunun problemi, bütün türk xalqlarının ortaq problemidir. Ona görə də türk dünyasıyla bağlı məsələlərdə bir-birimizə dəstək olmalıyıq." Millət vəkili qondarma "erməni soyqırımı" yalanlarına qarşı mübarizədə türk ölkə və cəmiyyətlərin fəal olmağa səslədi. Bu baxımdan da "Gəldik, gördük, yazdıq" layihəsini yüksək dəyərləndirdi.
Qeyd etdi ki, bu layihə çərçivəsində bütün türk dövlət və toplumlarından Azərbaycana səfərə gəlmiş gənc yazarlar Azərbaycanın müasir vəziyyəti, eləcə də Dağlıq Qarabağ problemi ilə ətraflı tanış olacaq, cəbhəyanı ərazilərdə yaşayan soydaşlarımızın həyatı ilə daha yaxından tanış olub bu münaqişənin əsl səbəbi və həqiqətləri barədə yazılar yazacaqlar. "Əminəm ki, siz hər şeydən əvvəl gördüklərinizi, həqiqətləri yazacaq, vətəninizə qayıdandan sonra öz xalqınıza yazılarınızla Dağlıq Qarabağ münaqişəsi barədə daha ətraflı və obyektiv məlumat verəcəksiniz."-deyə millət vəkili Q.Paşayeva bildirdi. Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı Əkbər Qoşalı qeyd etdi ki, türksoylu ölkə və cəmiyyətlərin qonaq gəlmiş yazarların yazıları rus və ingilis dillərində çap olunaraq ictimaiyyətə təqdim olunacaq.
Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfirliyinin mədəniyyət müşaviri Seyit Ahmet Arslan qondarma erməni soyqırımından bəhs etdi. O, qeyd etdi ki, Osmanlı dövlətinin çətin dövründə aranı qarışdıran erməni əhali Anadolunun cənub şərq hissəsindən imperiyanın digər ərazilərinə köçürülmüşlər və heç bir soyqırımdan söhbət gedə bilməz. "Türk ölkə və toplumları əl-ələ verərsə, biz gerçəkləri dünyaya daha yaxşı çatdıra bilərik."-deyə müşavir əlavə edib.
Şimali Kipr Respublikasının Azərbaycandakı elçisi S.Topçu öz ölkəsinin milli-mübarizə tarixindən söz açıb. O, qeyd edib ki, zaman-zaman adada yaşayan türk əhalisi də Xocalıda olduğu kimi soyqırım və qətliamlara məruz qalıb. Lakin bütün bu çətinliklərə baxmayaraq, Şimali Kipr öz müstəqilliyini əldə edib.
TUSİAB başqanı Murad Bakır təmsil etdiyi qurumun fəaliyyət göstərdiyi dövrdən bəri Dağlıq Qarabağ məsələsi ilə bağlı layihələrdə fəal olduğunu vurğuladı. O, bildirdi ki, "Gəldik, gördük, yazdıq" layihəsi uğurlu nəticə göstərəcək.
Qazaxıstandan Nurgali Jusipbay, Makedoniyadan "Ufuk" dərnəyinin təmsilçisi Enes Yıldırım, Eko Avrasya təşkilatının prezidenti Hikmət Ərən, Qırğıızstandan Altınbek İsmayılov və digərləri Dağlıq Qarabağ problemi ilə bağlı fikirlərini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB