Kamran Əliyev Salyandakı radar məsələsinə münasibət bildirdi

Kamran Əliyev Salyandakı radar məsələsinə münasibət bildirdi

Dünən "Qafqazinfo"da "Polisin qanunsuz radarı "radar"a düşdü" başlıqlı xəbər dərc olunub. Xəbərdə Ələt-Astara yolunun Salyan ərazisində DYP əməkdaşlarının radarı yolun ortasına qoyaraq, sürücüləri bir-bir saxlayıb radara düşdükləri barədə xəbərdarlıq etməsi və cərimələnməsi əks olunmuşdu. Bunun isə "Yol hərəkəti haqqında" qanunda edilən dəyişikliyin 50-ci maddəsinə olunan əlavələrin pozulması kimi təqdim olunmuşdu.

Bu gün isə Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev açıqlamasında həmin hadisəyə aydınlıq gətirib. O bildirib ki, sözügedən yolda qoyulan radar qanunsuz deyil. Çünki həmin radar avtomatik rejimli deyil, səyyar radar hesab olunur.

Kamran Əliyev qeyd edib ki, radarın qoyulmasına səbəb həmin yolda qeydə alınan yol qəzalarındakı itkilərin çoxluğudur: "Son zamanlar həmin ərazidə baş verən qəzalarda ölənlərin sayı 6 nəfərə çatıb. Bu itkilərin qarşısını almaq üçün orada səyyar radarlardan istifadə olunur".

Kamran Əliyev sürücülərin etirazına da aydınlıq gətirib: "Əgər sürücü yolda qoyulan bütün işarələrə məhəl qoymayıb sürəti artırırsa, niyə saxlanılmamalıdır ki? Yuxarıda qeyd etdiyim kimi bu avtomatik rejimli olmadığı üçün yol polislərinin sürücüləri saxlamasında heç bir qanun pozuntusu yoxdur".

Bütün xəbərlər Facebook səhifəmizdə