“Dağlıq Qarabağ ümumilikdə türk dünyasının problemidir”

“Dağlıq Qarabağ ümumilikdə türk dünyasının problemidir”

Bu gün "Qarabağ:Türk Dünyasının ortaq problemi" mövzusunda konfrans keçirilib. SİA-nın verdiyi xəbərə görə, konfrans Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) hazırladığı "Gəldik, gördük, yazdıq" adlı layihə çərçivəsində baş tutub.

Layihə şərti olaraq 3 mərhələdən (hazırlıq, qonaqların Azərbaycana gəliş-dönüşü və məqalələr toplusunun nəşri) ibarətdir. Konfransda çıxış edən millət vəkili Qənirə Paşayeva qonaqları salamlayaraq konfransın məqsədlərindən danışıb: "Bu gün buraya Dağlıq Qarabağ probleminin türk dövlətləri arasında müzakirəsi üçün toplanmışıq. Biz bu problemin kökünə nəzər salsaq görərik ki, Dağlıq Qarabağ təkcə Azərbaycanın deyil, ümumilikdə Türk dünyasının problemidir".

Konfransda aparılan müzakirə və ortaq çalışmalara böyük ümid bəsləyən millət vəkili Türk dünyasından hər zaman daha böyük dəstək gözlədiyini vurğulayıb.

Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı Əkbər Qoşalı konfrans materialları və iştirakçıların səfərdən sonra yazacaqları məqalələr haqqında danışaraq, onların kitab şəklində Azərbaycan və Rus dillərində çap olunacağını bildirib. O, həmçinin qonaqların Azərbaycan həqiqətlərini olduğu kimi qələmə alacaqlarına əmin olduğunu qeyd edib.

Sonra qonaqların fikir və müzakirələri davam edib.

Qeyd edək ki, qonaqlar noyarbın 11-dək Azərbaycanda olacaqlar. Bu müddətdə bir sıra "Qarabağ: Türk Dünyasının ortaq problemi" mövzulu konfranslarda iştirak edəcəklər.

Qonaqlar həmçinin Azərbaycan həqiqətləri ilə yaxından tanış olmaq üçün respublikamızın Tovuz, Ağdam , Tərtər, Quba bölgələrini ziyarət edəcəklər.

Xanım Nağıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə