Abid Şərifovdan mübarizəyə dəstək!

Abid Şərifovdan mübarizəyə dəstək!

"İKT sahəsi Azərbaycanın qeyri-neft sektorunda prioritet sahələrindən biridir və ölkə hökuməti tərəfindən bu sahəyə xüsusi diqqət yetirilir". SİA-nın xəbərinə görə, bunu Bakıda keçirilən VII İnternet İdarəçilik Forumunun rəsmi açılış mərasimində çıxış edən Azərbaycan baş nazirinin müavini Abid Şərifov deyib.

Bu sahənin sürətlə inkişaf etdiyini deyən A.Şərifov yeni informasiya texnologiyalarının dövlət idarəçiliyi sistemində tətbiqini, əhaliyə elektron xidmətlərin göstərilməsini və s. buna misal göstərib. O, forumun əhəmiyyətinə toxunaraq bildirib ki, bu tədbir internetdə təhlükəsizliyin təmin olunmasına imkan verəcək və ümumiyyətlə, dünyada internetin qlobal inkişafına təkan verəcək.

A.Şərifov həmçinin qeyd edib ki, Azərbaycan uşaqlarının internetdə təhlükəsizliyinin təmin olunmasını, internet terrorçuluğu ilə mübarizəni dəstəkləyir.

Qeyd edək ki, noyabrın 9-dək davam edəcək VII İnternet İdarəçilik Forumunda müxtəlif ölkələrdən 1500-dən çox nümayəndə heyəti, o cümlədən dövlət qurumları, beynəlxalq təşkilatlar, özəl sektor, vətəndaş cəmiyyəti, internet həvəskarları və KİV nümayəndələri iştirak edirlər. Tədbirin əsas mövzusu "Davamlı insan, iqtisadi və sosial inkişaf üçün internetin idarə olunması" elan edilib. Müzakirə ediləcək məsələlər arasında internetin inkişafı hesabına dünya ictimaiyyəti qarşısında duran qlobal problemlər yer alıb. Forum iştirakçıları həmçinin kibertəhlükəsizlik, əhalinin müxtəlif təbəqələrinin internetdən bərabərhüquqlu istifadəsi, uşaqların internetdən icazəsiz istifadə etmələri və hazırda aktual olan digər məsələləri nəzərdən keçirəcək.

Elgün Aslanov

Bütün xəbərlər Facebook səhifəmizdə