"NUR" Uşaq və Gənclərin İctimai Birliyi Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondunun dəstəyi ilə 7-8 noyabr 2012-ci il tarixlərdə Bakıda HİV/AİDS-lə mübarizəyə həsr olunmuş beynəlxalq gənclər konfransı təşkil edəcək. Birlikdən SİA-ya verilən məlumata görə, konfransda Azərbaycan və dünyanın 10 müxtəlif ölkəsindən (Rumınya, Misir, Almaniya, Nigeriya, Türkiyə, Litva, Estoniya, Yunanıstan, Ukrayna, Sudan) 40 nəfər gənc iştirak edəcək. Tədbirin keçirilməsində başlıca məqsəd gənclər təşkilatları və ictimai fəal gənclər üçün sağlam həyat tərzinin təbliği, HİV/AİDS-lə mübarizə və yeni təşəbbüslərin yaranması mövzusunda müzakirələr aparmaq üçün imkan yaratmaq və bununla da, bu sahədə ən yaxşı təcrübələrin öyrənilməsi, mübadiləsi və gələcək əməkdaşlıqların yaradılmasına vasitəçi olmaqdan ibarətdir.
İştirakçılar konfrans zamanı aparılan müzakirələr və qrup işi vasitəsilə müxtəlif mühit və icmalarda uğurlu fəaliyyət üsullarını və problemə fərqli aspektlərdən yanaşmaları öyrənəcəklər. Nəticədə bu sahədə ictimai fəaliyyət göstərən gənclərin gələcəkdə qarşılaşa biləcəkləri oxşar halların öhdəsindən gələ biləcəklər.
Qeyd edək ki, "NUR" Uşaq və Gənclərin İctimai Birliyi uşaqların təşəbbüsü ilə 1999-cu ildə yaradılmış və 30 iyun 2003-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmışdır. Təşkilatın başlıca missiyası uşaq və gənclərin sosial, iqtisadi, mədəni sahələrdə problemlərin həlli və onların maarifləndirməsidir. "NUR" UGİB HİV/AİDS-in önlənməsi sahəsində fövqəladə xidmətlərinə görə MTV Staying Alive Fondu tərəfindən 2008-ci ildən etibarən 4 dəfə "Staying Alive Award" mükafatı ilə təltif olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB