Azərbaycan-Bolqarıstan biznes forumu keçirilib

Azərbaycan-Bolqarıstan biznes forumu keçirilib

Bu gün Bakı Biznes Mərkəzində Bolqarıstan Respublikasının Regionların İnkişafı və İctimai İşlər naziri Liliyana Pavlovanın rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun təşkilatçılığı ilə Azərbaycan-Bolqarıstan biznes forumu keçirilib. Tədbirdə Azərbaycan və Bolqarıstan tərəfindən rəsmi şəxslərlə yanaşı, infrastruktur, mühəndislik, elektroenergetika, tikinti və s. sahələrdə fəaliyyət göstərən iş adamları iştirak ediblər. Biznes forumda çıxış edən İqtisadi İnkişaf nazirinin müavini Niyazi Səfərov Azərbaycanın Cənubi Qafqazın siyasi, iqtisadi və mədəni mərkəzi olduğunu vurğulamış, yaradılmış əlverişli biznes və investisiya mühiti nəticəsində Azərbaycan iqtisadiyyatına yatırılan investisiyaların həcminin ildən-ilə artdığını qeyd edib, ölkəmizin artan iqtisadi imkanları nəticəsində investisiya ixracatçısına çevrildiyini diqqətə çatdırıb.

Niyazi Səfərov qarşılıqlı rəsmi və işgüzar səfərlərin, ölkələrin investisiya imkanlarına dair təqdimatların, eləcə də biznes forum və işgüzar görüşlərin Azərbaycan və Bolqarıstan arasında əməkdaşlığın daha da genişlənməsində, ikitərəfli ticarət əlaqələrinin inkişafında əhəmiyyətli olduğunu vurğulayıb, iş adamlarını fəal əməkdaşlığa dəvət edib.

Qeyd edilib ki, əlaqələrin inkişafı üçün iki ölkə arasında təkmil müqavilə-hüquqi baza yaradılıb. Hazırda Azərbaycanda Bolqarıstan kapitallı 10 şirkət fəaliyyət göstərir. Ölkələrimiz arasında iqtisadi sahədə əməkdaşlığın inkişafında Hökumətlərarası Komissiyanın fəaliyyəti də əhəmiyyətlidir. Biznes təşəbbüslərinin stimullaşdırılması baxımından bugünkü biznes forumun yeni əməkdaşlıq imkanlarının yaranmasına, ticarət əməkdaşlığının genişlənməsinə müsbət təsir göstərəcəyini vurğulayan Niyazi Səfərov ixracyönümlü kənd təsərrüfatı məhsullarının yetişdirilməsi, emalı və qablaşdırılması, turizm, maşınqayırma, kimya və əczaçılıq sahəsində iş adamları arasında əməkdaşlıq üçün geniş imkanların olduğunu qeyd edib. Bolqarıstan Respublikasının Regionların İnkişafı və İctimai İşlər naziri Liliyana Pavlova ölkəmizə səfərindən və Azərbaycanın dinamik iqtisadi inkişafından məmnunluğunu ifadə edib, Bolqarıstanın Azərbaycanla əlaqələrin genişləndirilməsinə böyük önəm verdiyini, iki ölkə arasında əməkdaşlığın inkişaf etdiyini vurğulanıb. Bolqarıstanlı nazir iş adamları arasında əməkdaşlığın genişləndirilməsində, ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin inkişafında bu gün keçirilən ikitərəfli görüşlərin əhəmiyyətli olacağını qeyd edib. Sonra Azərbaycan haqqında video çarx nümayiş olunub.

Biznes forum çərçivəsində Azərbaycanın biznes və investisiya imkanlarına, "Bakı Ağ Şəhər" layihəsinə, Bolqarıstanın iqtisadiyyatına dair təqdimatlar keçirilib.

Tədbirdə Azərbaycanın "Azvirt", Bolqarıstanın "Trace Group" və "Dinamic Resource" şirkətləri, həmçinin Azərbaycanın "Caspian Servece", Bolqarıstanın "Dinamic Resource" və "Biad Company" şirkətləri arasında əməkdaşlığa dair anlaşma memorandumları imzalanıb.

Biznes forum sahibkarlar arasında əməkdaşlığın genişləndirilməsi perspektivlərinin müzakirə olunduğu ikitərəfli görüşlərlə yekunlaşıb.

Səfər çərçivəsində Bolqarıstan iş adamları bir sıra istehsal müəssisələrinin fəaliyyəti ilə tanış olacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə