Göyçayda keçirilən ənənəvi “Nar Bayramı” möhtəşəmliyi ilə yadda qalıb
7-ci “Nar Bayramı” keçirilib

Göyçay rayonunda Göyçay Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 7-ci "Nar Bayramı" keçirilib. "İRƏLİ" İctimai Birliyindən SİA-ya verilən məlumata görə, ilk olaraq tədbiri açılış nitqi ilə Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov açıq elan edib. Daha sonra Ümummilli Lider Heydər Əliyevin Göyçaydakı abidəsi ziyarət olunub. Tədbirdə millət vəkilləri Eldar İbrahimov, Şəmsəddin Hacıyev, Elton Məmmədov, Ceyhun Osmanlı, Jalə Əliyeva, Zahid Oruc, Cavanşir Feyziyev, dövlət və hökumət nümayəndələri, özəl qurumların nümayəndələri, icra başçıları, media qurumları, BMT-nin Azərbaycanda rezident koordinatoru, Qazaxıstan, Rusiya, İraq, Moldova, Latvia, Norveç, Yaponiya, Gürcüstan, Pakistan, Rumıniya, Özbəkistan, Koreya, Braziliya, Kuba, İordaniyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfirləri, Amerika və Türkiyə səfirliyinin nümayəndələri, beynəlxalq təşkilatların nümayəndələri, ictimai-siyasi xadimlər, xaricdən olan media nümayəndələr, iş adamları, QHT nümayəndələri, sənət adamları, Azərbaycanda təhsil alan xarici tələbələr iştirak ediblər.

"Nar Bayramı"nda rayonda nar istehsalı ilə məşğul olan müəssisələrin məhsullarından ibarət yarmarka, kəndli fermerlər tərəfindən yetişdirilən müxtəlif nar sortları və onlardan hazırlanan məhsulların sərgisi, eləcə də nar ilə bağlı müxtəlif müsabiqələr, oyunlar təşkil edilib.

Ənənəvi "Nar Bayramı"nda xüsusiyyətlərdən biri də Bakının tanınmış qida mütəxəssisləri tərəfindən xüsusi hazırlanmış ən böyük "Pizza" bayram iştirakçılarının marağına səbəb olub. "Nar Bayramı" münasibətilə İtaliyada Patisseri şəbəkəsinin sahibi Gianni de Carlonun hazırladığı Göyçay nar suyunun əlavə olunduğu xüsusi piroq və tort qonaqlara təqdim olunub.

Göyçayın gözəlliyi, tarixi, "Nar Bayramı", Göyçay narının şöhrəti xarici medianın Türkiyənin TRT kanalı, Cihan Haber Ajansı, Anadolu Ajansı və digər media qurumların marağına səbəb olub. Onlar öz yerli telekanallarında "Nar Bayramı"nı işıqlandırmaq üçün xüsusi reportajlar hazırlayıblar.

Eyni zamanda Azərbaycanın İtaliyadakı səfirliyinin dəvəti, "İRƏLİ" İctimai Birliyinin təşkilatçılığı və Göyçay rayon İcra Hakimiyyətinin dəstəyi ilə "Nar Bayramı"na məşhur İtalyan kanalı Rai 3-ün çəkiliş heyəti də qatılıb. Heyət Göyçay "Nar Bayram"ı və unikal Göyçay narı barədə veriliş, həmçinin film hazırlayır.

Tədbirin sonunda qonaqlar üçün ziyafət verilib və ziyafətdən sonra tanınmış şoumen Murad Dadaşovun təqdimatında konsert proqramı keçirilib. Türkiyənin tanınmış və sevilən müğənnisi Doğuş da "Nar Bayramı"nda iştirak edib. Doğuş öz repertuarından ən populyar mahnılarını ifa edərək göyçaylıları sevindirib. Eyni zamanda tədbirdə bu il Azərbaycanda keçirilən "Eurovision" müsabiqəsində Latviyanı təmsil edən Ann Mari də ifası ilə tədbirə rəngarənglik qatıb. Bayram tədbirində ölkənin tanınmış incəsənət ustaları Mələkxanım Əyyubova, Mənsum İbrahimov, Tünzalə Ağayeva, Samira, Gülüstan Əliyeva, aşıq Əli, Sevda Yəhyayeva çıxış ediblər və konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə