Bələdiyyələrdə qadın namizədlərin sayı artıb

Bələdiyyələrdə qadın namizədlərin sayı artıb

Bu gün Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti və Azərbaycan Respublikası Ailə, Qadın və uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə Azərbaycan Bələdiyyə Şuralarının qadın üzvləri üçün DAYAQ Mentorluq Proqramının açılış konfransı keçirilib. SİA-nın verdiyi məlumata görə açılışda cəmiyyətdə qadınların rolu, idarə orqanlarına seçilmiş qadınların bilik və bacarıqlarının həmçinin özlərinə inamın artırılması istiqamətindəki işlər müzakirə edilib.

Konfransda iştirak edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova bu proqramın Azərbaycanda ilk Mentorluq proqramı olmasını söyləyib. Onun sözlərinə görə, Mentorluq qadın həmrəyliyinə atılan bir addımdır və xanımlar bu həmrəyliyi hər zaman layiqli şəkildə davam etdirməlidirlər :"Bu gün bura toplanan qadınların hər biri bilməlidir ki, onların vəzifəsi çox məsuliyyətli və önəmlidir. Bizim məqsədimiz dövlət orqanlarında qadınların rolunu artırmaq və onlara hərtərəfli dəstək olmaqdır. Keçən Bələdiyyə seçkilərində biz bir-sıra regionların qadınları ilə görüşlər keçirdik. Bu görüşlər sayəsində qadın namizədlərin say tərkibi 4 %-dən 26.7 %-ə qalxdı".

Sədaqət Qəhrəmanova say tərkibi ilə yanaşı keyfiyyət tərkibinin də yüksəldilməsi üçün işlər görüldüyünü və bu işdə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin də onlara dəstək olduğunu açıqlayıb.

Almaniya Federativ Respublikasının Azərbaycandaki səfiri Herbert Quele isə Azərbaycanda olan qadın problemlərinin Almaniyada da olduğunu deyib: "Bu layihə Almaniya və Azərbaycan arasında ümidverici əməkdaşlığın yaranacağında xəbər verir. Hər iki ölkədə qadınlar dövlət əhəmiyyətli işlərdə bir sıra problemlərlə üzləşir. Biz problemlərin aradan qaldırılması üçün çalışırıq. Layihə həm də onu sübut edir ki, müsəlman ölkəsində qadınlar güclüdür və öz qərarlarını özləri verə bilər. Bu da Azərbaycanın dünyəvi dövlət olmasının göstəricisidir".

Daha sonra siyasətdə olan qadınları həvəsləndirmək üçün verilən təlimatlar, qonaqların müzakilə və fikirləri dinlənilib.

Xanım Nağıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə