Bu gün Bakı Ekspo Mərkəzində İnternet İdarəçilik Forumunun (İİF) 7-ci konfransı çərçivəsində nazirlərin görüşü baş tutacaq. SİA-nın məlumatına görə, görüşdə Azərbaycan Respublikasının rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, Birləşmiş Millətlər Təşkilatının İqtisadi və Sosial Məsələlər üzrə baş katibin müavini Vu Hongbo, Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi Hamadoun Touré, UNESCO-nun baş direktorunun informasiya və kommunikasiya məsələləri üzrə müavini Yanis Karklins, İnternetdə domenlərin bölüşdürülməsi üzrə təşkilatın (ICANN) prezidenti Fadi Chehadé və İnternet cəmiyyəti - İSOC-un prezidenti xanım Lynn St. Amour iştirak edəcək. Görüş zamanı həmçinin Birləşmiş Krallıq, Tunis, Litva, Hindistan, Qabon, Misir, Albaniya və Əfqanıstanın nazirləri, o cümlədən Yaponiya, ABŞ, Rusiya və Ukraynanın nazir müavinləri çıxış edəcəklər.
Məlumat üçün bildirək ki, İnternet İdarəçilik Forumu 2006-cı ildə keçirilən ilk iclasından bəri (İİF) İnternet idarəçiliyi ilə bağlı aktual məsələləri araşdırıb və bu illər ərzində müzakirələrin mövzusu elektron (virtual) iştirakdan və elektron (virtual) hökumətdən mobil İnternetə, "buludlarda" hesablama (İnternet resurslarının köməyi ilə hesablama) və sosial şəbəkələrə doğru dəyişıb.
Bu il İİF-də bəzi seminarlar əqli mülkiyyət hüquqları (ƏMH) ilə bağlı məsələlərə və bu hüquqların qorunması ilə İnternetin hamı üçün açıq saxlanması, eyni zamanda informasiya axtarmaq, almaq və ötürmək azadlığı kimi əsas insan hüquqlarına hörmətlə yanaşma arasında tarazlığa həsr olunacaq.
PİPA, SOPA, ACTA və CETA kimi son dövrlərdə irəli sürülən qanunvericilik təşəbbüsləri, ümumilikdə ƏMH, xüsusilə də müəlliflik hüququ üçün mövcud hüquq müdafiə vasitələrini rəqəmsal məkanın reallıqlarına uyğunlaşdırmaq və həm bu hüquqların sahiblərinə, həm də ümumi əhaliyə fayda gətirəcək yeni biznes modellərini yaratmaq məqsədilə onlara yenidən baxılması tələbinə dair intensiv müzakirələrə yol açıb. Yaradıcı məzmunu yaratmaq üçün yaradıcılara verilən stimulların və yaradılan məzmunu "istehlak" etmək üçün ayrı-ayrı istifadəçilərə verilən imkanların həmin yaradıcı məzmunun gələcəyinə eyni qaydada təsir göstərəcəyi ilə bağlı mübahisələr gedir. Eyni zamanda bəzən ƏMH üzrə müxtəlif qaydaların olduğu müxtəlif yurisdiksiyaların mövcudluğu səbəbindən yaranan problemlər yaradıcıların, işgüzar dairələrin və istehlakçıların ədalətli şəkildə müdafiəsini təmin edə biləcək minimum qlobal standartların və prinsiplərin müəyyənləşdirilməsinin mümkünlüyünə dair müzakirələrə gətirib çıxarıb.
İnternet və insan hüquqları arasındakı geniş əlaqə son illər ərzində daima diqqət mərkəzində olan aktual bir mövzudur. İnternet insan hüquq və azadlıqlarına dəstək göstərilməsi və onlardan yararlanma üçün bir vasitə hesab edildiyi halda, bir çox hadisələrlə özünü biruzə verdiyi kimi, eyni zamanda İnternetdən senzura aləti, söz azadlığının və informasiyaya sərbəst çıxış imkanının məhdudlaşdırılması üçün istifadə olunma riski vardır.
İctimaiyyətə açıq hökumət məlumatlarına çıxış imkanı 2012-ci ildə İİF-də müzakirələrin digər bir mövzusu olacaqdır. Dövlət sektorundakı informasiyaya ümumi əhali üçün çıxış imkanının verilməsi və belə informasiyanın açıq və davamlı istifadə oluna bilən bir standartda çatdırılması hökumətdə şəffaflığın daha da artmasına gətirib çıxaracaq və yeni, qabaqcıl informasiya cəmiyyəti məhsullarının və xidmətlərinin inkişaf etdirilməsini həvəsləndirəcək və buna şərait yaradacaq. Getdikcə daha çox hökumət özünün açıq məlumat siyasətini hazırladıqca və yerinə yetirdikcə, vətəndaşların şəxsi həyatının toxunulmazlığı və məlumatların qorunması, habelə vətəndaşların öz məlumatları hesabına dövlət xidmətlərinin inkişaf etdirilməsi məsələləri ortaya çıxır.
Aktiv müzakirələr doğuran digər bir aktual məsələ fəlakətlərin nəticələrinin aradan qaldırılması üçün İnternetdən istifadə ilə bağlıdır. Son illərdən göründüyü kimi, İnternet rabitəsi xilasetmə əməliyyatlarında mühüm rol oynaya və dağılmış ərazilərin əhalisi və köməyə ehtiyacı olanlarla əlaqə yaratma sayəsində bərpa işlərinə kömək edə bilər. Buna görə də irimiqyaslı fəlakətlərlə bağlı strategiyalar hazırlanarkən interneti nəzərə alma tələbi irəli sürülür.
Bu məsələləri qaldırmaqla İİF öz çoxtərərflilik prinsiplərini möhkəmləndirmək və gündəliyini daha da əhatəli etmək məqsədini daşıyır. Müzakirələrə geniş İnternet cəmiyyəti nümayəndələrinin cəlb olunması Forum çərçivəsində aparılan müzakirələrin zənginliyini daha da artıracaqdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB