Milli Olimpiya Komitəsinin 20 illiyi qeyd olunur

Milli Olimpiya Komitəsinin 20 illiyi qeyd olunur

Yubiley tədbirlərinin əsas məkanı kimi Dənizkənarı Milli Park seçilib

Bu gün Azərbaycan Milli Olimpiya Komitəsinin yaranmasından 20 il ötür. Bu münasibətlə səhər saatlarından başlayaraq müxtəlif tədbirlər həyata keçirilir. Yubiley tədbirlərinin əsas məkanı isə Dənizkənarı Milli Park olub.

Milli Parkda təşkil edilən tədbirdə boks, cüdo, taekvando, qol güləşi, gimnastika, kapoeyra, zorxana və güləş idman növləri üzrə peşəkar idmançılar çıxış edib. Arzu edənlər adıçəkilən idman növləri üzrə öz qüvvə və bacarıqlarını məşqçilərin müşaiyəti ilə yoxlaya bilib. Həmçinin Azərbaycan olimpiya hərəkatının uğurlarını əks etdirən fotostendlərlə tanış olub. Bundan başqa idmansevərlər ayrı-ayrı idman növləri üzrə olimpiya çempionları və mükafatçılarımızla şəkil çəkdirmək və onlardan avtoqraf almaq imkanı qazanıb. Tədbirə toplaşanlar arasında Milli Olimpiya Komitəsinin nümayəndələri, o cümlədən gənclər və idman naziri Azad Rəhimov da olub.

Qeyd edək ki, yubiley tədbirlərinə möhtəşəm konsert proqramı ilə yekun vurulacaq.

Milli Olimpiya Komitəsinin yaranmasının 20-ci ili, Azərbaycan olimpiya hərəkatı tarixində xüsusilə uğurlu oldu. Məhz bu il Milli Olimpiya komandamız ilk dəfə olaraq Yay Olimpiya oyunlarında 10 medal qazandı. Bunlardan ikisi qızıl, ikisi gümüş, 6-si isə bürüncdür. Bu, müstəqillik tariximizdə ən yaxşı göstəricidir.

Bütün xəbərlər Facebook səhifəmizdə