Səfir :“Ölkələrimiz arasında mədəniyyət əlaqələrini genişləndirməliyik”

Səfir :“Ölkələrimiz arasında mədəniyyət əlaqələrini genişləndirməliyik”

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) nümayəndə heyəti ilə görüşən Litvanın ölkəmizdəki yeni səfiri Arturas Jurauskas "Ölkələrimiz arasındakı mədəniyyət əlaqələrini genişləndirməliyik" -deyib. ATGTİ-dən SİA-ya verilən məlumata görə, görüşün əvvəlində təşkilatımızın nümayəndə heyəti cənab səfirə ATGTİ-nin fəaliyyəti və layihələri haqda məlumat verərək, bu ilin mayında universitetlər arasında keçirilmiş "Univision" layihəsini xüsusi qeyd edib.

ATGTİ ilə Litva səfirliyi arasında gələcək fəaliyyət istiqamətlərini müzakirə edən tərəflər mədəniyyət, incəsənət, müasir moda, rəssamlıq sahələrində birgə fəaliyyət planı tərtib etmək barədə razılığa gəliblər. Cənab Jurauskas qeyd edib ki, səfirlik ATGTİ-dən təkliflər paketi gözləyir.

Litvanın tələbə təşkilatları və universitetləri ilə əlaqələrin genişləndirilməsində isə səfir ilkin mərhələdə Vilnüs və Kaunas Dövlət Universitetlərinin tələbə senatları ilə yazışmaların, təcrübə mübadiləsinin aparılmasının məqsədəuyğunluğunu vurğulayıb. Cənab Jurauskas onu da qeyd edib ki, bu gün Litvada 10 mindən çox tələbə var, lakin olar vahid fəaliyyət prinsipi olan bir tələbə təşkilatı ətrafında birləşiblər.

Görüşün sonunda səfirə ATGTİ-nin müxtəlif çap məhsulları, təşkilatın xüsusi mətbu orqanı olan "Böyük Tənəffüs" qəzetinin sayları və Azərbaycan xalçası hədiyyə edilib.

Qeyd edək ki, bu günə qədər ATGTİ Rusiya, Serbiya, Norveç, Latviya, İtaliya və Pakistan kimi ölkələrin səfirləri ilə görüşüb, ikitərəfli əlaqələrin inkişaf etdirilməsini müzakirə ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə